İlkin Süleymanov:”Polisin gətirdiyi vəkil dindirmədə iştirak etməsə də sənədləri imzalayıb”

  • By admin
  • 26 May 2022 16:19

Tovuz rayonunun Dondarquşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov sonuncu məhkəmə prosesində təqsirsizliyinə dair yeni arqumentlər səsləndirib.

 

Onun sözlərinə görə, uşaq itkin düşən gün axşam gedib bacısıgildə qaldığını təsdiqləyə bilən şahidlər var.

Deyir ki, ertəsi gün səhər bacısının evindən çıxıb gəldiyini görən kənd sakinləri olub. O, məhkəmədə bacısıgilin qonşuluğunda yaşayan İmran Dəmirov, Aqil Abdullayevin adlarını çəkib.

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova Nərminin sonuncu dəfə çıxdığı əmisigilin qonşuluğunda yaşayır.

Hadisədən təxminən 1 ay öncə ataları İbrahim Süleymanov insult keçirdiyinə və anası da yaşlı olduğuna görə qızı onun yanında qalıb, qulluq edirmiş. Əvəzində onun həyətindəki toyuq-cücəyə, evə qardaşı gedib baxıb.
“Noyabrın 22-də İlhamə Bakıya, oğlugilə getdi, 9-10 gün orada qaldı. O müddətdə mən gecələr İlhaməgildə qalmırdım. Öz evimizdə atama qulluq edirdim. Amma axşamüstü gedib toyuq-cücəni yerinə salıb, evə baxıb gəlirdim. Səhərlər də gedib hindən çıxarırdım. Qonşular da dəfələrlə məni yolda görüblər”, – İlkin Süleymanov vəkillərinin suallarını cavablandırarkən bildirib.
Nərmini oğurlayıb öldürməsi haqda ifadəni Tovuz rayon Polis Şöbəsində 4 gün ərzində məruz qaldığı işgəncələrdən sonra verdiyini deyən İlkin Süleymanovdan soruşulub ki, bəs niyə həbs qərarı almaq üçün məhkəməyə aparılanda baş verənləri dilə gətirməyib? O, həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılanda bildirib ki, bu cinayətə heç bir aidiyyəti yoxdur, ağlasığmaz işgəncələr nəticəsində üzərinə götürməyə məcbur olub. O, həmin vaxt 15 gün keçməsinə baxmayaraq, üzərində olan xəsarət izlərini də apellyasiya məhkəməsində hakimlərə göstərib.
İlkin Süleymanov Tovuz rayon Məhkəməsində həbs qərarı veriləndə bu haqda danışmamasını belə izah edib: “Polis rəisi Şirzad Əsgərov məhkəmədə başımın üstündə dayanmışdı. Məhkəməyə gətiriləndə tanış olan bircə adam da görmədim. Anlayırdım ki, məni məhkəmədən sonra yenidən polis şöbəsinə aparacaqlar. Əvvəlkindən daha pis işgəncələr ola biləcəyini başa düşürdüm, ona görə bu haqda heç nə demədim”.
Apellyasiya şikayətinə baxılanda isə Süleymanov artıq polis şöbəsindən Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. Ailəsinin tutduğu vəkillər ilk dəfə onunla apellyasiya məhkəməsində görüşüb.
Təqsirləndirilən şəxs bildirib ki, etiraf ifadəsindən sonra onu evlərində çəkiliş etməyə gətirəndə də ətrafda yaxınlarından heç kimi görməyib. Onun sözlərinə görə, əgər görsəydi, bəlkə başına gələnləri deyərdi: “Bəlkə deyərdim. Çünki mən bunu deyəndən sonra da məni buraxmayacaqdılar, onların əlində idim. Mən polis şöbəsində olanda ekspertiza gəldi, qorxudan işgəncə izləri olduğunu demədim. Mənə işgəncə verilən qurumda bunu necə deyəydim? Ancaq onu fikirləşirdim ki, nə olursa olsun, buradan tez uşaqlaşım…”
Cinayət işinin materiallarında Süleymanovun həmin günlərdə 4 dindirməsi var – ikisi şahid, biri şübhəli, biri isə təqsirləndirilən şəxs statusunda. O deyir ki, cəmi iki dəfə ifadə verib. Birinci dəfə 8 yanvar 2020-ci ildə şahid kimi dindiriləndə bu cinayətə aidiyyəti olmadığını deyib. Ondan sonra yanvarın 9-da dözülməz işgəncələrə məruz qaldığına görə tələb olunan ifadəni verməyə razılaşıb: “Mən iki dəfə ifadə vermişəm. O biri ifadələrdən xəbərim olmayıb. Amma gətiriblər, oxumadan imzalamışam”.
Tovuz rayon Polis Şöbəsində rəis, rəis müavini də daxil, bir çoxları tərəfindən döyüldüyünü söyləyən Süleymanov əlavə edib ki, dövlət hesabına təyin edilən vəkil dindirmələrdə iştirak etməyib. Sadəcə, gəlib sənədləri imzalayıb və gedib.
Bu məhkəmə prosesində zərərçəkmişin hüquqi varisi qismində azyaşlının atası Şərif Quliyev iştirak edir. Süleymanov dindirilərkən ondan soruşulub ki, təqsirləndirilən şəxsə sualı varmı? Ata bildirib ki, Süleymanovdan soruşmaq istədiyi heç nə yoxdur.
İyunun 1-də keçiriləcək məhkəmə iclasında Süleymanovun vəkillərinin məhkəmədə dindirilməsini istədikləri şahidlər ifadə verəcək. Vəkillər deyir ki, həmin şahidlər iş üçün əhəmiyyətli olan, Süleymanovun təqsirsizliyinə dəlalət edən məsələləri açıqlayacaqlar.
10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə mühakimə olunur. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.
Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

 

Gülnar

Gununsesi.info