İlyas İsmayılova niyə “Yetim İlyas” deyirmişlər? - Elxan Şükürlü

  • By Admin2
  • 17 Fevral 2025 17:32

.. Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdü…  Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Məleykə xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını – İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı… “Yetim İlyas” ləqəbini də elə burada – anasının kəndində qoymuşdular…

Heç kim inanmazdı ki, gün gələcək, bu “Yetim İlyas” nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək – Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi, müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq; daha sonra isə Ədalət Partiyasını yaradaraq, ədalətli bir cəmiyyətin qurulması uğrunda mübarizə aparacaq! Bütün bu nailiyyətləri isə o “Yetim İlyas” yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi! Həyat mübarizəsində stimulu da elə məhz o “Yetim İlyas” kəlməsi olacaqdı! …

O, 3 aydan çox ölüm yatağında da sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu – Etimadı namərd gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun – Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı. Oğlunun isti nəfəsini duyanadək, dözdü, dözdü, dözdü… Nəhayət, bu gün – fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu…

Dostlar, jurnalistlərimizin çoxsaylı sorğularına cavab olaraq, bildirirəm ki, cənazə sabah – 18 fevralda saat 11.00-da Heydər Məscidindən götürüləcək. İlyas müəllim vəsiyyətinə uyğun olaraq, Nardaran qəbiristanlığında, mərhum oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda saat 11:00-dan etibarən, Heydər Məscidində olacaq.

Allah İlyas müəllimə və dünyasını dəyişən əzizlərimizə rəhmət eləsin!

Elxan Şükürlü,

Ədalət Partiyasının sədr müavini

 

Gununsesi.info