İranda on minlərlə məhbus azadlığa çıxır - LAKİN ALİ DİNİ LİDERİN ŞƏRTİ VAR

  • By admin
  • 06 Fevral 2023 12:11

İranın ali dini lideri Ayətullah Əli Xamenei hökumət əleyhinə nümayişlərdə iştirak edənlər də daxil olmaqla, on minlərlə insanı əfv edib.

Gununsesi.info bildirir ki, lakin dövlət mediası Xamneyinin əfvinin şərti olduğunu açıqlayıb.

Ölkədə hökumət əleyhinə etirazlar qadının əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsindən sonra başlayıb.

İnsan haqları qrupları 70-i uşaq olmaqla 500-dən çox etirazçının öldürüldüyünü, 20 mindən çoxunun isə həbs edildiyini bildirir.

Həbs edilən etirazçıların asılmağa başlamasından sonra ölkədə etirazlar kəskin şəkildə səngiyib.

İranın rəsmi mediasına görə, əfv ədliyyə başçısının məktubunda etirazlara görə həbs olunanların çoxunun “xarici təsir və təbliğata qapılan gənclər” olduğunu yazmasından sonra verilib.

Məktubda bir çox fəalın peşman olduqlarını və bağışlanmalarını istədikləri iddia edilib.

Həmçinin qeyd olunub ki, casusluqda, adam öldürməkdə və dövlət əmlakına ziyan vurmaqda ittiham olunan şəxslər amnistiyadan yararlana bilməyəcəklər.

İran Konstitusiyasının 101-ci maddəsinə əsasən, ölkənin ali lideri məhkəmə hakimiyyətinin məsləhəti ilə amnistiya elan etmək səlahiyyətinə malikdir.

Ədliyyə sisteminin vitse-prezidenti Sadik Rəhimi vurğulayıb ki, amnistiyaya düşənlər peşman olduqlarını yazılı şəkildə bildirməlidirlər, əks halda azadlığa buraxılmayacaqlar. İkili vətəndaşlığı olanların amnistiyadan yararlana bilməyəcəkləri də bildirilib.

Ədliyyəyə yaxın media orqanı olan Mizan, Rəhiminin hələ son cəzalarını almamış şübhəliləri “ilk dəfə” əfv edəcəyini bildirdi.

Osloda yerləşən İran İnsan Haqları təşkilatı ən azı 100 nəfərin ölüm cəzası gözlədiyini bildirir. Təşkilat həmçinin vurğulayır ki, bütün şübhəlilər “vəkilləri ilə görüşmək və prosedura uyğun olaraq mühakimə olunmaq” hüquqlarından məhrum ediliblər.

İndiyədək aksiyalarda iştirak edən 4 nəfər asılaraq edam edilib. Yanvar ayında iki nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşını öldürdüyünə görə asılmışdı. Hər iki şəxs işgəncə altında ifadə verdiklərini deyərək cəzalarına etiraz ediblər.

 

Tərcümə:

Afət Abbasova