İranın doqquzunu prezidenti - Məsud Pezeşkiyan kimdir?

Xəbər verildiyi kimi, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçı qanadın namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan qalib gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.

O, IRIB telekanalında bildirib ki, 30,530 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, Pezeşkiyan 16,384 milyon səs toplayıb – ümumi səsin ən azı 53,6 faizi.

İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili isə 13,538 milyon – 44,3% səs toplayıb.

Rəsmi məlumata görə, seçici fəallığı 49,8% təşkil edib. Eslaminin sözlərinə görə, səsvermənin ikinci turunda 30,530 milyon seçici iştirak edib, İranda isə təxminən 61 milyon insan səsvermə hüququna malikdir.

Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40% təşkil edib ki, bu da İslam Respublikası tarixində ən aşağı göstəricidir.

Pezeşkiyan və Cəlili böyük fərqlə ikinci tura yüksəliblər. 24,5 milyon bülletenin işlənməsinin nəticələrinə əsasən, keçmiş səhiyyə naziri 10,4 milyona yaxın, Təhlükəsizlik Şurasının üzvü 9,5 milyona yaxın səs toplayıb.

İranın doqquzuncu prezidenti İslahatçı Məsud Pezeşkiyan 1954-cü ildə İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərində anadan olub.

İran Tibb Elmləri Universitetini ürək cərrahiyyəsi ixtisası üzrə bitirib. İraqla müharibə zamanı hərbi həkim kimi xidmət edib. 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib, 2001-2005-ci illərdə islahatçı Məhəmməd Hatəminin hökumətində səhiyyə naziri vəzifəsində çalışıb. 2016-2020-ci illərdə birinci vitse-spiker vəzifəsində çalışıb.

Pezeşkiyan iki dəfə prezident seçkilərində iştirak etmək üçün sənədlər təqdim edib. 2013-cü ildə Əli Əkbər Haşimi Rəfsəncanini dəstəkləyərək, namizədliyini geri götürdü, 2021-ci ildə Konstitusiya Keşikçiləri Şurası Pezeşkiyanın seçkilərdə iştirakına icazə vermədi.

O, ABŞ və digər Qərb ölkələri ilə danışıqlar yolu ilə Tehranın nüvə proqramına dair razılaşmanın bərpasını anti-İran sanksiyalarını aradan qaldırmağın əsas yollarından biri hesab edir.

 

 

Ceyhun

Gununsesi.info