İşsiz qalan vətəndaş Ali Məhkəmədən ədalət gözləyir

  • By admin
  • 26 İyul 2021 15:07
Beyləqan sakini Cəfərov Əmirxan Şahmar oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə açıq məktub yazıb.
Gununsesi.info-nun elektron poçtuna göndərilən məktubu təqdim edirik:
Sizə hazırkı şikayətlə müraciət etmək məni aşağıdakılar vadar etmişdir. Mən, Cəfərov Əmirxan Şahmar oğlu, Beyləqan şəhər E.Nəsirov adına 5 nömrəli tam orta məktəbində dalandar vəzifəsində işləyirdim. «Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı»nın üzvüyəm və mənə bu barədə 140841 nömrəli üzvlük bileti verilmiş, əmək haqqımdan isə daimi və fasiləsiz olaraq həmkarlar ittifaqının xeyrinə üzvlük haqqı tutulurdu.
Məktəbin sonuncu direktoru olan Gündüz İsgəndərov vəzifəyə təyin olunandan sonra mənə qarşı qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirirdi.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 75 nömrəli 11 sentyabr 2019-cu il tarixli sərəncamı ilə məktəbin təmizlənən həyətyanı sahəsinin dalandar vəzifəsinin saxlanılması üçün müəyyən edilmiş normaya uyğun olmadığı səbəbindən vəzifə ixtisar edildi.
Bundan sonra Beyləqan şəhər E.Nəsirov adına 5 nömrəli tam orta məktəbin direktoru Gündüz İsgəndərovun imzaladığı 02 nömrəli 07 yanvar 2020-ci il tarixli əmri ilə mən, məktəbin dalandarı vəzifəsindən azad olundum və mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi.
Bu hallar isə direktor Gündüz İsgəndərova elə əvvəl məlum olub və direktor bu halları məhkəmədə etiraf etdi. Bununla yanaşı məktəb direktoru Gündüz İsgəndərov Beyləqan Rayon İcra Hakimiyyətinin 11 sentyabr 2019-cu il tarixli 75 saylı sərəncamına əsasən məktəb üzrə dalandar vəzifəsinin ixtisara salınması barədə məlumatı mənə yalnız 07 yanvar 2020-ci il tarixdə bildirdi. Mənə qanunla düşən işdənçıxarma müavinətiödənilməyib, işdən çıxarılmağımdan əvvəl də hər iş həftəsində əmək haqqım saxlanılmaqla iş axtarmağa imkan yaradılmayıb.
Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin:
– 1-ci hissəsi – Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
– 2-ci hissəsi – Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
Mən, Beyləqan Rayon Məhkəməsinə iddia ilə müraciət etsəm də, Beyləqan Rayon Məhkəməsi, ardınca isə Şirvan Apellyasiya Məhkəməsi bu qanunun tələblərinə heç bir məhəl qoymadılar və qanun tələblərinini pozulması halını etiraf etsələr də, belə bir əsas tutmuşdurlar ki, ştat onsuzda ixtisar olunub, əmr ləğv olunsa belə, qayıtmalı olan vəzifə yoxdur.
Dəfələrlə etiraz etmişik ki, Əmək Məcəlləsinin 80-ci maddəsi elə ştatın ixtisar olmaqla müvafiq iş yerinin (vəzifənin) mövcud olmaması halını artıq nəzərdə tutur, bununla yanaşı işçini birbaşa işdən azad olunmasını qadağa edir və müvafiq həmkarlar ittifaqına müraciət olunması barədə göstəriş verir.
Lakin göründüyü kimi, Beyləqan Rayon Məhkəməsinin bir hakimi və Şirvan Apelyasiya Məhkəməsinin üç hakimləri hesab edirlər ki, Əmək Məcəlləsinin 80-ci maddəsi ilə bağlı ağıllarına gələn düşüncə Milli Məclisin 125 deputatların və qanun layihəsini təsdiq etməkdən əvvəl yoxlayan Prezident Administarsiyasının məsul şəxslərin ağıllarına gəlməyib və həmin hakimlər öz məntiqlərini qeyd olunan dövlət məsul şəxslərin məntiqlərindən daha üstün hesab etdilər.
Bu sözləri yazmağa mənə xoş gəlməsə də, hakimlərin yanaşmasından başqa nəticə çıxara və ya izah tapa bilmirəm.
Halbuki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr və hakimlər qanunları müzakirə etməməlidirlər, qeyd-şərtsiz əməl edərək qanunun keşiyində durmalıdırlar. Məhkəmələr qanuna belə saymazyana yanaşıb qanunun aliliyini qorumurlarsa, digər vəzifəli şəxslər tərəfindən də qanunun taptalamaları heç də təəcüblü deyil. Bundan sonra digər işçiləri də qanun tələblərinə zidd olaraq işdən çıxarılması üçün məhz məhkəmələr tərəfindən tam şərait yaradılıb.
Halbuki, bu məsələyə bir formallıq baxımından yanaşmaq düzgün deyil, çünki həmkarlar ittifaqı təşkilatı mənə başqa bir vəzifəyə keçməsini də təklif edə bilərdi. Lakin məhkəmələr məni bu şansdan da qanunsuz olaraq məhrum etdilər.
Direktor Gündüz İsgəndərov hər iki məhəkəmlərdə etiraf etdi, iş yerimin ixtisara düşməsi ilə bağlı hər hansı yazılı sənəd mənə təqdim olunmayıb, əmrlərin surətləri poçt vasitəsi ilə də mənə göndərilməyib, tutduğum vəzifə ştatının ixtisara salınması barədə məlumat verəndən sonra mənə yeni iş yeri tapmaq üçün işdən çıxarılmasından əvvəl verilməli olan xəbərdarlıq müddəti ərzində hər iş həftədə bir iş günü əmək funksiyasından azad edilmədim, mənə orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilməyib, mənimlə əmək müqaviləsinə xitam verilərkən mənim razılığımla azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli miqdarında əmək haqqımın bir dəfəyə ödənilməsi halı da mövcud olmayıb.
Habelə məktəb direktoru etiraf etmişdir ki, tutduğum vəzifə ştatının ixtisara salınması barədə və məni işdən çıxma barədə əmrlərinin surətlərini mənə rəsmi təqdim olunması, həmçinin məni işdən çıxarılmasından əvvəl bu barədə azı altı təqvim həftəsi müddət ərzində rəsmi xəbərdar edilməsi barədə sübutları yoxdur. Məktəbimizdə bu barədə hər hansı heç bir aktlaşdırma aparılmayıb. Bununla yanaşı mənə başqa bir vəzifəyə keçməsi də təklif olunmayıb.
Lakin belə olan halda, birinci və apelyasiya instansiya məhkəmələri hər hansı sübut olmadan guya bu barədə vaxtında xəbərdar olunduğumu qətnamələrdə yazıblar.
Hörmətli Məhkəmə! Beyləqan Rayon Məhkəməsi və Şirvan Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə saymazyana yanaşmaqla faktiki olaraq Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin və Milli Məclisinin fəaliyyətlərini tam mənasız edirlər, çünki Milli Məclisin qəbul etdiyi və Azərbaycan Respublikasının Prezidentin təsdiq etdiyi qanuna riayət etmək niyyətində olmadıqlarını göstərdilər.
Bu səbəbdən də ədalət mühakiməsinin həqiqətən tələblərinə riayət olunmaqla və pozulmuş qanuni hüquqlarının bərpa olunması istiqamətində həyata keçirilməsinə ümidim tək Sizə qalıb.
Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2091\2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən verdiyim kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əhməd Əhmədov tərəfindən 27 iyul 2021-ci il tarixdə baxılacaqdır.
Və məlum olduğu kimi, kassasiya instansiya son məhkəmə instansiyasıdır. Ona görə də hazırkı şikayətlə Sizə müraciət etmək məcburiyyətində qaldım. Çünki işə baxan əvvəlki məhkəmələr ədalət mühakiməsinə artıq məndə inamsızlıq yaradıblar.
Ona görə də Sizdən
XAHİŞ EDİRƏM:
27 iyul 2021-ci il tarixdə Ali Məhkəməsində 2(102)-3121\2021 nömrəli mülki iş üzrə kassasiya şikayətimə baxılarkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl olunmaqla qərarın qəbul olunmasına mənə kömək edəsiniz.
Hörmətlə,
Cəfərov Əmirxan Şahmar oğlu