İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa düşdü

  • By admin
  • 12 May 2023 09:16

Mayın əvvəlində “Twitter” istifadəçisi “Android” əməliyyat sistemində “WhatsApp”ın mikrofonu işə salması və onu arxa fonda dinləməsi barədə tvit atıb. Məsələni araşdıran “Google” problemin mövcudluğunu etiraf edib.

Həmin vaxt istifadəçinin sözləri “Twitter”in rəhbəri İlon Maskı maraqlandırıb və o, mesajı paylaşaraq (retvit edərək) bildirib ki, “WhatsApp”a etibar etmək olmaz.

Qısa müddətdən sonra “WhatsApp” nümayəndələri ittihamlara cavab verərək mesencer tərtibatçılarının qəsdən telefonu dinləmədiyini bildirib, problemin “Android” sistemində olduğunu iddia ediblər.

“WhatsApp” nümayəndələri bu məqsədlə “Google”dan araşdırma aparmağı xahiş ediblər.

Tezliklə “Google” “WhatsApp” istifadəçisinin yaşadığı problemin “Android” əməliyyat sistemindəki məxfilik panelindəki “baq”la bağlı olduğunu müəyyən edib. Nümayəndələr bildiriblər ki, bu “baq”a görə istifadəçilər “WhatsApp”ın onların mikrofonuna və ya kamerasına arxa fonda daxil olduğunu düşünə bilərlər, lakin əslində bu baş vermir.

“Google” hazırda bu problemin həlli üzərində fəal şəkildə işlədiyini və növbəti “Android” yeniləməsində aradan qaldırılacağını vurğulayıb.

Gununsesi.info