Mikayıl Cabbarovun müavinlərini üz-üzə qoyan şok olay - 400 MİN BÜDCƏDƏN BELƏ YAYINDIRILIB

  • Müəllif: admin
  • 01 Oktyabr 2026 13:19

 

Hacıqabul Sənaye Parkının rezidenti olan “Ese Agro” QSC ilə bağlı sensasion iddialar yayılıb.

Gununsesi.info-ya təqdim olunan materialda adıçəkilən şirkətin 400 min manatdan artıq vergi və gömrük ödənişindən yayındığı iddia olunur.

Söhbət sənaye parkının rezidenti statusundan sui-istifadə edilərək dövlət büdcəsinə ziyan vurulmasından gedir.

Qeyd edək ki, sənaye parklarının rezidentləri istehsal fəaliyyəti üçün ölkəyə gətirdikləri texnika, texnoloji avadanlıqlar və digər müvafiq vasitələrə görə gömrük rüsumlarından və vergilərdən azad olunurlar. Bu güzəştlər rezidentlərə istehsal imkanlarını genişləndirmək və investisiya fəaliyyətini təşviq etmək məqsədilə verilir.

Belə ki, adıçəkilən şirkət tərəfindən Sənaye Parkının ərazisində alma və nar konsentratlarının emalı, eləcə də nar şirəsinin istehsalı zavodunun qurulması nəzərdə tutulub.

Lakin iddialara görə, bu prosesdə güzəştlərdən istifadə edilməklə, müəssisənin qurulması üçün nəzərdə tutulan prefabrik binanın idxalı da güzəşt tətbiq edilən avadanlıq kimi rəsmiləşdirilib. Nəticədə “Ese Agro” QSC 400 min manatdan artıq vəsaiti vergi və gömrük ödənişlərindən yayındırıb.

Bir müddət sonra iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu məsələ barədə məlumat əldə edib və araşdırmaya başlanılıb.

Aparılan müvafiq yoxlamalardan sonra “Ese Agro” QSC-yə prefabrik binanın idxalına görə verilmiş vergi və gömrük güzəştinin ləğv edildiyi bildirilir.

Bundan sonra güzəştin ləğvi ilə əlaqədar “Ese Agro” QSC-nin rəhbərliyi ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və onun müavini Emil Hacıyev arasında gərginlik yarandığı iddia olunur.

Görünür, QSC rəhbərliyinin adıçəkilən şəxslərlə qarşıdurmasının arxasında müəyyən anlaşılmazlıqlar dayanır. Bununla belə, tərəflər arasında münasibətlərin gərginləşməsinin səbəbləri ilə bağlı iddialar əlavə araşdırma tələb edir.

Məlumata görə, “Ese Agro” QSC hər iki şəxsin tövsiyəsi ilə Apellyasiya Şurasına müraciət edib.

Bundan sonra isə Agentlik rəhbərliyinin İqtisadiyyat Nazirliyinin birinci müavini, Apellyasiya Şurasının sədri Elnur Əliyev vasitəsilə Səməd Bəşirlinin ləğv etdiyi qərarı yenidən qüvvəyə mindirdiyi bildirilir.

Fakt isə ondan ibarətdir ki, Nazirlər Kabinetinin müvafiq qərarında prefabrik binanın ölkəyə gətirilməsi üçün hər hansı güzəşt nəzərdə tutulmayıb.

“Ese Agro”ya rezident statusu ötən il verilib

Qeyd edək ki, “Ese Agro” QSC-yə ötən il İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alma və nar konsentratlarının emalı, eləcə də nar şirəsinin istehsalı zavodunun qurulması nəzərdə tutulur.

Sənaye parklarının rezidentləri bir sıra vergi və gömrük güzəştlərindən yararlanırlar. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilirlər.

Eyni zamanda, istehsal məqsədilə xaricdən gətirilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV və gömrük rüsumları üzrə güzəştlər tətbiq olunur.

Gununsesi.info