
Valideynlərin həyatda çox arzusu olur. Onlardan biri də bu fani dünyadan əbədi dünyaya köç edəndə övlad çiynində son mənzilə yola salınması olur. Ancaq həyatda heç də arzular çin olmur və ya əksi olur. Görürsən ki, valideyn arzuladığının əksi olaraq öz övladının əbədi həyat yolculuğuna şahidlik edir və uzaq bir səfərə yola salır. Bax, o zaman valideynin qəddi sınır, bükülür və əzilir.
Neçə gündür Zəhranın dəfni zamanı onu atasının qollarında son yolculuğa uğurlanması səhnəsi heç gözümün önündən getmir. Və o səhnə göz önümə gəldikcə və ya yadıma düşdükcə adamın içi qan ağlayır, ürəyi hiddətdən parçalanır. Parçalanır ona görə ki, baş verən insanlığa sığmayan hərəkətə görə cinayətkarın hələ də layiqli cavabını verə bilmədiyimiz üçün… Parçalanır ki, hələ də Vətən qarşısında, o Vətənin ki, o Vətənin torpaqları üzərində dünyaya göz açıb, onun verdiyi naz-nemətlə böyüyüb, boya-başa çatdığımız, onun havasından udub, suyundan içib, verdiyi ruzidən qidalanıb, üzərində istədiyimiz hərəkəti edib, ancaq çətin, dar günündə isə ona sahiblənməyi bacarmadığımız, müdafiəyə qalxa bilmədiyimiz üçün… Hələ də başı aşağı gəzib, gözü dik Vətən torpağına və onun övladına üzünü baxa bilmədiyim üçün ürəyim parçalanır.
Kimsə deyə bilər ki, həyatdır və həyatın qaydası var, bir gün gələn bir gün də köç edəcək. Yaşından, tutduğu mövqeyindən asılı olmayaraq. Orası elədir. Ancaq ölüm var, ölüm var.
Ölüm də müxtəlif cür olur. Ölüm var insanı yaşından asılı olmayaraq şəhidlik, qurbanlıq, qəhrəmanlıq, şərəf, ləyaqət rəmzi kimi zirvələrə qaldıraraq ölümzüsləşdirir. Allah təki hər bir insana belə şərəfli, mənalı ölümü nəsib eləsin.
O gün atasının qollarında əbədi yolculuğa uğurlanan Zəhranın atasının gözlərindəki qəmginlik, ürəyini parçalayan bilirsiz nə idi? Sahiblənə bilməmək, istəsə də istədiyini edə bilməmək qəhəri onun ürəyini parçalayırdı. Və bu düşüncə ilə irəliləyirdi… İrəliləyirdi Qarabağın zirvələrinə baxa-baxa… İrəliləyirdi Zəhranın qisasını almaq ümidi ilə… Bu fikirlər beyninə yükləndikcə Zəhranın atasının beli yükdən əyilirdi və suallar onun içini doğrayırdı. Düşünürdü, ya Rəbbim o qisas günü və həlledici döyüş nə zaman olacaq.
O gün Zəhra təkcə fizioloji, genetik baxımdan atasının qolları üzərində deyil, bütün ataların qolları üzərində əbədi yolculuğa uğurlanırdı…
O nəfəs kəsən isti havada alınlarda tər, gözlərdəki yaş donmuşdu…

Zəhranın hələ “ana”, “Vətən” sözünü səlis deməyi bacarmadan Vətən uğrunda QURBAN getməsi və bizlərin QURBAN verdiyimiz o, mələk övladın qarşısında acizliyimizdən, zəifliyimizdən tər alnımızda, göz yaşları gözümüzdə donmuşdu… Zəhra bizimlə öz ruhunun dilində danışsa da, biz onun suallarına cavab verə bilmirdik. “Niyə hələ də yağı düşmən torpağımızdadır və günahsız Zəhraları öldürür?” sualı bizi əzir və əzdikcə də məhv edib, alnımızdakı təri buza çevirirdi. Nəfəskəsən isti bizləri üşüdürdü. Sanki o isti havada soyuq adamın iliyinə işləyir və sümüyünü o isti havada ovuşdurub, qızındırmaq istəyirdi. Amma taqət yox idi. Taqət yox idi ona görə ki, içimizdə bir boşluq yaranmışdı. Yoxsuzluq içimizi yediyindən Zəhranın sualları qarşısında acız idik.
Allah təki bizlərə təpər verib, qeyrətə gəlib torpaqlarımızı işğaldan azad etməyi bizlərə nəsib etsin. Heç olmasa toparlanmaq üçün bizlərə təpər versin. Bu yolda verdiyimiz ŞƏHİDLƏRİN və QURBANLARIN ruhunu şad edək. Nə qədər ki, torpaqlar işğal altına inləyir, verdiyimiz şəhid və qurbanların da ruhu nisgillidir, qəmgindir. Onların ruhu əziyyət çəkir.
Heç olmasa bu dünyada olmasa da, axirət günü torpaqlar uğrunda ŞƏHİD, QURBAN gedənlərin ruhunu şad edək. Biz onlara deyil, onlar bizə baxıb, bizlər üçün Uca rəbbimizdən şəfayət diləsinlər. Bizim axirət günündə şəfayətçimiz olsunlar.
Allah təki bizi bu yolda məyus və madur vəziyyətdə qoymasın. Uca rəbbimiz bizlərə bu torpaqları azad etməyi nəsib etsin.
Mürtəza Bünyadlı
Gununsesi.info












