
“Ermənistan sülh gündəliyindən geri çəkilməyəcək və regionda sabitliyin təmin edilməsinə siyasi sadiqliyini təsdiqləyir”.
Gununsesi.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Parlamentdə “2021–2026-cı illər üçün hökumət proqramı”nın təqdimatı zamanı bəyan edib.
“Bütün çətinlik və maneələrə baxmayaraq, hökumət və şəxsən mən sülh gündəliyindən geri çəkilməyəcəyik. Aydındır ki, Ermənistanda və onun hüdudlarından kənarda bəzi qüvvələr hər gün müharibə təbliğatı aparır və onu həyata keçirməyə yönəlmiş konkret addımlar atmağa çağırırlar”, – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan rəsmi olaraq Azərbaycana eyni vaxtda sülh sazişi və ATƏT-in Minsk Qrupunun strukturlarının buraxılması ilə bağlı birgə bəyanat imzalamağı təklif edir.
“Mən Ermənistan xalqı adından bu sənədə imza atmağa hazıram”, – deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan ordusuna atəşkəs rejimini pozmamaq barədə aydın göstəriş verib və Ermənistan Respublikası öz ordusunun atəşkəs rejimini pozması ilə bağlı məlumatları araşdırmağa hazırdır.
“Eyni zamanda bir daha Azərbaycana sərhəd insidentlərinin, o cümlədən atəşkəs rejimi pozuntularının birgə araşdırılması mexanizminin yaradılmasını təklif edirəm. Bu mexanizm gündəlik əsasda fəaliyyət göstərməlidir”, – deyə Nikol Paşinyan bildirib.
Baş nazir bəzi analitik məqalələrdə gözlənilən yeni hərbi eskalasiya ilə bağlı irəli sürülən proqnozlara da münasibət bildirib:
“Müharibəyə əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güclə hədələmənin yolverilməzliyini tanıyıblar.
Bu reallıqlardan çıxış edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri və şəxsləri maksimum dərəcədə məsuliyyətli olmağa, yuxarıda qeyd olunan məntiqə birbaşa və ya dolayı yolla zidd olan bəyanatlar verməməyə və bu məntiqi şübhə altına qoymamağa çağırıram. Bu cür yanaşmanın heç bir perspektivi yoxdur.
Ermənistan və Azərbaycan xalqları sülhə və dinc birgəyaşayışa layiqdir. Müharibə olmayacaq, sülh olacaq”, – deyə Paşinyan yekunlaşdırıb.