Paşinyan deyib ki, ya 4 kəndi veririk, ya da müharibə…

Nikol Paşinyan Tavuşa səfəri zamanı “mübahisəli 4 kəndin” Azərbaycana qaytarılmalı olduğunu, əks halda müharibə başlayacağını deyib.

Gununsesi.info xəbər verir ki, bu sözləri erməni jurnalist Voskan Sərkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuşa bugünkü səfəri və yerli sakinlərlə görüşü haqda danışarkən deyib.

O bildirib ki, baş nazir yerli sakinlərə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin təslim edilməsinin zəruri olduğunu deyərək onları hədələyib:

“Paşinyan bu gün Əskipara kəndində Bağanis Ayrım və ətraf qəsəbələrin sakinləri ilə görüşüb. Köməkçisi Mger Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan (Barana) icmasının rəhbəri Arsen Ağababyan da görüşdə iştirak ediblər.

Nikol Paşinyan sonuncu mətbuat konfransında nümayiş etdirdiyi Ermənistan xəritəsini yenidən göstərib. O, sakinlərə Azərbaycanın istədiyi 4 kəndin təhvil verilməli olduğunu deyib, əks halda müharibə ilə hədələyib. Sakinlər soruşub ki, bəs Azərbaycan kəndlərin əvəzində Ermənistana nəyi güzəştə gedəcək? Baş nazir Bakının heç bir təzminat ödəməyəcəyini qeyd edib”.

V.Sərkisyan iddia edib ki, N.Paşinyan kəndlərlə bağlı Ermənistan xalqının üç yolunun olduğunu açıqlayıb:

“Baş nazir görüşdə sakinləri hədələyib ki, ya kəndləri təslim edəcəyik, ya razılıq verməyəcəyik, ya da Azərbaycanla müharibə edəcəyik. O, bu dəfə guya Türkiyənin də Azərbaycan tərəfindən müharibəyə qoşulacağını vurğulamaqla sakinləri qorxutmağa çalışıb. Paşinyan həmçinin sərhəddə Azərbaycanın əsas mövqeləri nəzarətə götürdüyünü açıqlayıb”.

Qeyd edək ki, Paşinyanın bugünkü səfəri haqda təfərrüatlı açıqlama yayılmayıb. Nazirlər Kabinetindən bildirilib ki, görüşlərlə bağlı videolar az sonra rəsmi sosial şəbəkə kanallarına yerləşdiriləcək.

 

 

Gununsesi.info