Qazaxıstan və Türk Birliyi gücünü artırır

  • By admin
  • 21 Yanvar 2022 11:37

Ötən gün Türkiyə Qlobal Jurnalistlər Şurası (KGK), Sahipkıran Strateji Araşdırmalar Mərkəzi (SASAM), Türkiyə-Qazaxıstan Dostluq Dərnəyi və Qazaxıstanın Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə iclas keçirilib.

Gununsesi.info xəbər verir ki, KGK sədri Mehmet Ali Dimin moderatorluğu ilə keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunub.

Rəsmi “Youtube” kanalında canlı yayımlanan tədbir həm salonda, həm də sosial media kanallarında bir çox izləyicinin böyük marağına səbəb olub. Proqrama başlayarkən, Mustafa Kamal Atatürkün,Qazaxıstan hadisələrində, 20 Yanvar 1990-cı ildə Azərbaycanda baş verən hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib. Daha sonra SASAM-ın prezidenti Mesut Emre Karaköse tədbirin açılış nitqi ilə çıxış edərək, Qazaxıstanda baş verən prosesləri qısa təhlil edib. O, Türkiyənin Qazaxıstana dəstəyini ifadə edib.

Daha sonra iclasın əsas məruzəçilərinə söz vermək üçün KGK sədri Mehmet Ali Dim moderator qismində tədbirin idarəçiliyini öz üzərinə götürüb. O, ilk olaraq Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekoğlunda Qazaxıstanda nələr olduğunu soruşub. Cavab olaraq səfir bu ilin əvvəlində Qazaxıstanda baş vermiş hadisələrin səbəblərini, iştirakçıların motivasiyasını, dəymiş zərərin miqdarını ətraflı izah edib. Bundan sonra o, Qazaxıstanda belə hadisələrin baş verməməsi üçün görüləcək tədbirləri və mümkün hadisələri izah edib.

Türkiyə-Qazaxıstan Dostluq Dərnəyinin fəxri prezidenti, tədqiqatçı yazıçı Feyzullah Budak uzun illər Qazaxıstanda işlədiyi həyat təcrübələrinə əsaslanaraq, ölkənin tarixi, sosiologiyası və mədəniyyəti ilə bağlı dərin təhlillər aparıb. O, Nur Sultan Nazarbayev və Kasım Jomert Tokayev arasındakı sıx əlaqələri və münasibətləri son hadisələrin işığında yenidən şərh edib.

Tədbirdə iştirak edən Mersin Millət vəkili Behiç Çelik Qazaxıstana səfərlərindən, Nur Sultan Nazarbayevlə bağlı xatirələrindən danışıb. “Bizim üçün Türkiyə nə varsa, Qazaxıstan da odur” deyib. Paneldə “Qazaxıstan və Türk dünyası bu cür hadisələrdən hər zaman ibrət dərsi götürərək, hər dəfə daha güclü şəkildə yoluna davam edir” fikrini bölüşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstan lehinə göstərdikləri diplomatiyaya görə təşəkkür edib. Tədbir iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

Gununsesi.info