
Azərbaycan Dəmir Yolları QSC qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan problemləri operativ şəkildə aradan qaldırıb.
Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, səhər saatlarında güclü külək və aramsız yağış səbəbindən ağacın kontakt şəbəkənin üzərinə aşması, bəzi sahələrdə su yığılması və elektrik enerjisinin kəsintisinə görə gecikmələr olsa da, ADY bütün resurslarını səfərbər edərək yaranmış çətinliklərin aradan qaldırılmasını təmin edib.
Ərazilərə əlavə işçi qüvvəsi, su nasosları və müvafiq avadanlıqlar cəlb edilərək operativ tədbirlər görülüb.
Gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən ADY-nin əməkdaşları tərəfindən bütün ərazilərə nəzarət edilir.