Şəhid xanımının öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI – Qayınatası danışdı

  • By admin
  • 22 Oktyabr 2021 16:58

xxx

Ötən gün Kürdəmir rayonunda baş verən, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hadisə ilə bağlı Publika.az-a danışan şəhidin atası Qədir Hüseynov bildirib ki, sükan arxasında olan gəlini avtomobili yüksək sürətlə idarə edirmiş.

Q.Hüseynov qəzaya da məhz yüksək sürətin səbəb olduğunu qeyd edib: “Orada heç bir kəsin günahı yoxdur, sürət yüksək olub. Ehtimal olunur ki, gəlinim sükan arxasında yatıb və nəzarəti itirərək yoldan çıxıb. Çünki bildiyim qədərilə sürət çox yüksək olub. Gəlinim ayın 21-də oğlumun ildönümündə iştirak etmək üçün Zərdaba gəlirmiş. Rayona 20 kilometr qalmış bu bədbəxt hadisə baş verib. Sonuncu dəfə mən gəlinim Günel Ələsgərova ilə hadisədən bir gün əvvəl – oktyabrın 20-də Bakıda mərasimdə bir yerdə olmuşuq. O və nəvələrim şəhərdə yaşayır, buna görə də şəhid balamın il mərasimini ayın 20-də Bakıda qeyd etdik və biz qayıtdıq. Səhərisi gün isə Günel bizə gəlirmiş. Nə bilərdi ki, belə olacaq”.

Qədir Hüseynov bildirib ki, Günel Hüseynova ilə yanaşı avtomobildə daha 2 nəfər olub: “Yanında kiçik nəvəm və ehtiyatda olan hərbçilərdən bir nəfər var imiş. Qəza baş verən zaman maşında olan kiçik nəvəm hazırda yaxşıdır, heç bir xəsarət almayıb. Sanki elə bil nəvəm o əzik maşından çıxmayıb. Amma digər şəxs rəhmətə gedib. Həmin şəxsin kimliyini isə bilmirəm, tanımadığım biridir. Hərbçilər hamısı bizə gedib-gəliblər, həmin şəxs də gəlib. Ancaq onu yadımda saxlaya bilməmişəm ki, kimdir. Gəlinim Zərdaba gələcəyi ilə bağlı bizə heç xəbər verməyib, ona görə də kiminlə gəldiyi ilə bağlı da bizi məlumatlandırmayıb”.

Gununsesi.info