Oktyabrın 14-ü Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nümayiş sözügedən teatrlar arasında bu ilin fevral ayının 22-də imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında baş tutacaq.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sürgün həyatı haqqındadır. Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi Qazaxıstanın Akmolinski vilayətində 8 il sürgün cəzası çəkib.
Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Ş.Axundzadə ilə bərabər digər ölkələrdən, o cümlədən Gürcüstandan sürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması təqdim olunur.













