Övladları vurğulayır ki, heç bir təqsiri olmayan ataları işgəncə görüb, həyatını itirməklə yanaşı, ölümündən sonra da üzərində 1 il ərzində dövlətə xəyanət ittihamı qalıb. Onun haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə başlanmış cinayət işinə düz bir il sonra – 2018-ci il mayın 4-də bəraətverici əsaslarla xitam verilib.
Mərhum polkovnikin övladları iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyini göstəriblər. Bu qurumun nümayəndəsi isə Qafarovların iddiasına etiraz edib:
“İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan heç bir qanunsuz hərəkətə yol verilməyib. Buna görə də iddia Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz”.
Nəsimi rayon Məhkəməsi 600 min manatlıq kompensasiya tələbindən cəmi 20 min manatlıq hissəni təmin etməsini həm də onunla əsaslandırıb ki, bundan öncə Saleh Qafarovun həyat yoldaşına da təzminat kəsilib. Natəvan Qafarova ərinin başına gələnlərə görə 1.5 milyon manat kompensasiya tələb etsə də, 2024-cü ilin noyabrında məhkəmə ona 50 min manat kompensasiya ödənilməsinə qərar verib.
Qeyd edək ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özləri ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.
Hökmdən narazı qalan zərərçəkən tərəf də verilən cəzanı çox yüngül sayır. Onların fikrincə, düzgün araşdırma aparılmadığından Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.
Maqsud












