Tarixdən siyasətə, ideyadan dövlətçiliyə uzanan yol

Azərbaycanın müstəqillik tarixində elə simalar var ki, onların fəaliyyəti yalnız bir dövrün siyasi hadisələri ilə məhdudlaşmır. Yəni onlar həm də ideya, düşüncə və milli dövlətçilik anlayışının formalaşmasında iz buraxırlar.

Bu gün dünyasını dəyişən Hacıbaba Əzimov bu baxımdan fərqli fiqurlardan biridir.

Tarixçi alim, professor, istiqlalçı deputat və siyasi xadim kimi onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin mürəkkəb keçid mərhələlərindən keçir.

1938-ci ildə Lənkəranda doğulan Hacıbaba Əzimov elmi fəaliyyətə tarixçi kimi başlayıb.

Bakı Dövlət Universitetinin tarix fakültəsində aldığı təhsil və sonrakı elmi araşdırmaları ona sovet ideoloji çərçivəsində formalaşmış sistemin içindən tarixə daha geniş baxmaq imkanı verdi.

O, akademik karyerasında tarix elmləri doktoru və professor kimi yüksəldi, lakin onun adı yalnız elm sahəsində deyil, daha çox milli siyasi düşüncənin dönüş nöqtələrində çəkildi.

Üstəlik, onun Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəlliflərindən biri kimi təqdim edilməsi, siyasi bioqrafiyasının ən mühüm tərəflərindən biridir.

Nə idi onu xüsusi edən?

Çünki həm də 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi və ideoloji baxımdan ən çətin, amma ən taleyüklü mərhələsi idi.

SSRİ-nin dağılması fonunda milli dövlətçiliyin hüquqi və siyasi əsaslarının qurulması prosesi gedirdi. Bu mərhələdə Hacıbaba Əzimovun adı istiqlalçı mövqedə çıxış edən siyasətçilər sırasında yer aldı.

Onun fəaliyyətində əsas xətt milli suverenlik, dövlətçilik və Azərbaycançılıq ideyasının hüquqi çərçivəyə daşınması idi.

Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru kimi fəaliyyəti isə onun yalnız siyasi deyil, həm də institusional quruculuq sahəsində rolunu göstərir.

Regionda ali təhsilin inkişafı üçün belə bir addım, mərkəzləşmiş təhsil modelindən kənarda yeni intellektual mühit yaratmaq cəhdi idi. Bu, həm də Azərbaycanın bölgələrində elmi və milli düşüncənin yayılması baxımından əhəmiyyətli idi.

Konkret desək, o, Azərbaycan tarixinin keçid dövründə görünən və müzakirə olunan fiqurlardan biri idi.

Belə şəxslər bəzən yalnız gördükləri işlərlə deyil, həm də yaratdıqları polemika ilə tarixdə qalırlar.

Onun həyatı göstərir ki, tarix yalnız keçmişin öyrənilməsi deyil, bəzən tarixçi özü də tarixin iştirakçısına çevrilir. Hacıbaba Əzimov məhz belə simalardandır.

Bu səbəbdən, Hacıbaba Əzimova yalnız bir siyasətçi və ya alim kimi deyil, Azərbaycanın müstəqillik dövrünün mürəkkəb intellektual-siyasi keçidini təcəssüm etdirən simalardan biri kimi baxmaq daha doğru olar.

 

Elmar
Gununsesi.info