Tikinti şirkətinin dürüstlüyü necə müəyyən olunur?

Daşınmaz əmlak bazarında vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri tikinti şirkətlərinin etibarlılığı ilə bağlıdır.

Bəs alıcı tikinti şirkətinin dürüst olub-olmadığını necə müəyyən edə bilər?

Gununsesi.info bildirir ki, məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov açıqlama verib.

 

Onun sözlərinə görə, tikinti şirkətinin dürüstlüyünü müəyyən edən əsas meyar satdığı mənzil üzrə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatını həyata keçirməyə hazır olmasıdır.

Hüquqşünas bu məsələdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsinə diqqət çəkib.

“Qeyd olunan maddəyə əsasən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları tikintiyə icazə sənədləri və plan-cizgilər əsasında dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.

Əgər bütün sənədlər qaydasındadırsa, tikinti şirkəti bina tam tikilməmiş olsa belə, alıcıya çıxarış (“kupça”) verə bilər. Onun sözlərinə görə, şirkət bunu etmirsə, ya sənədlərdə problem var və tikinti qanun pozuntuları ilə aparılır, ya da şirkət dələduzluq fəaliyyəti ilə məşğuldur”.

Hüquqşünasın fikrincə, sonuncu halda bu, mənzilin eyni vaxtda bir neçə şəxsə satılması və ya artıq başqa şəxsə satılmış olması riskini yaradır.

 

 

Banu

Gununsesi.info