Tikintisi illərdir ki, yarımçıq qalmış Penitensiar Müəssisələrin taleyi necə olacaq? - ƏDLİYYƏ NAZİRLİYİ AÇIQLADI/ FOTO/VIDEO

  • By admin
  • 31 Yanvar 2023 11:48

“GününSəsi”nin davamlı olaraq, qaldırdığı bir problem- Gəncə və Lənkəranda inşa olunub, amma istifadəyə verilməyən Penitensiar Müəssisələrin taleyi barədə nəhayət, Milli Məclis də narahat olmağa başlayıb.

Belə ki, parlamentin İnsan Hüquqları Komitəsinin son iclasında deputat Naqif Həmzəyev həmin müəssisələrin hansı səbəbdən istifadəyə verilməməsinə diqqət çəkib.

Deputat deyib ki, dövlətin milyonlarla vəsait xərclədiyi bu müəssisələr istifadəsiz qaldıqca keyfiyyətini itirir.

Gununsesi.info məsələni araşdırmaq üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Mehman Sadıqov məsələnin həllinin Penitensiar Xidmətin iradəsindən kənarda olduğunu deyib: “Bu müəssisələri Penitensiar Xidmət inşa etdirməyib. Ona görə də prosesin nə yerdə olması haqqında məlumatsızıq. Həmin müəssisələrin tikintisi Ədliyyə Nazirliyi tərəfindən sifariş verilib. İndi niyə yarımçıq qalıb, bunu tikinti aparan şirkətdən nazirlikdən soruşa bilərsiniz”.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova isə Gununsesi.info-ya problemin səbəbini maliyyə ilə izah edib: “Bu müəssisələr inşa olunan müddətdə ölkəmizdə devalvasiya oldu. O zaman müəyyən çətinliklər yarandı. Ədliyyə Nazirliyi Bakıdakı qadınlar və uşaqlar üçün inşa olunan müəssisələri ancaq başa çatdıra bildi. Gəncə və Lənkəranla bağlı artıq müəyyən addımlar atılır. Ümid edirəm ki, bu ilin sonuna , gələn ilin əvvəllinə həmin müəssisələri də istifadəyə verəcəyik”.

Qeyd edək ki, Avropa Penitensiar Qaydalarının tələblərinə uyğun inşa olunan Penitensiar Müəssisədə həm Gəncədəki  2 Saylı İstintaq təcridxanası, həm də ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələri fəaliyyət göstərəcək.

Onu da qeyd edək ki, Gəncədəki 2 Saylı İstintaq Təcridxanası Çar Rusiyası dövründən qaldığından acınacaqlı vəziyyətdədir.

 

 

Elmar Elnuroğlu