Ukrayna İranla sazişi pozdu

  • By Günel
  • 09 Noyabr 2024 08:47

Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqəsi haqqında sazişini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb. Faktiki olaraq, Ukraynanın qərarı o deməkdir ki, hava məkanı açıldıqdan sonra İranla hava hərəkəti bərpa olunmayacaq.

Məlumata görə, Ukrayna İranı Rusiyaya yardım göstərməkdə ittiham edir.

Qeyd edək ki, Ukraynadan İrana uçuşlar hələ 2020-ci ildə dayandırılıb. “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan havaya qalxdıqdan qısa müddət sonra vurulub.

Nəticədə, 176 nəfər həlak olub. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarının öldüyü qəza Ukrayna aviasiyası tarixində ölənlərin sayına görə ən böyük qəza olub.

İran hadisə ilə bağlı yekunhesabatda hava müdafiə sistemi operatorunun təyyarəni düşmən hədəfi olaraq gördüyünü və mərkəzin təlimatını gözləmədən birinci raketi, daha sonra sistemin hərəkətdə olan hədəfə fokuslanaraq ikinci raketi atdığını bildirib.

Gununsesi.info