“Vəsatətlər, sözün əsl mənasında, “3 cümləlik” qərarlarla rədd olunur” – Ceyhun Yusifov

  • By admin
  • 27 Sentyabr 2021 14:20

“Son dövrlər vəkilləri və bütövlükdə hüquq ictimayyətini narahat edən məsələlərlə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov tərəfindən olduqca əhəmiyyətli və obyektiv açıqlamalar verilməkdədir. Bu açıqlamalar ölkədə fəaliyyət göstərən vəkillərin ümumi fikrini ehtiva edir və vəkillik institutunun kütləvi informasiya vasitələrindəki “səsi” olur. Məhkəmələr tərəfindən vəsatətlərin əsaslandırılmadan geri qaytarılması, təmin edilməməsi ilə bağlı Vəkillər Kollegiyasının sədrinin sonuncu açıqlaması da məhz bu qəbildən hesab olunmalıdır”.

Bu sözləri tanınmış vəkil Ceyhun Yusifov “AzPolitika.info”-ya açıqlamasında bildirib.

Ceyhun Yusifov qeyd edib ki, vəkillərin əsəslandırılmış vəsatətləri heç bir səbəb olmadan təmin edilmir: “Uzunmüddətli vəkillik fəalliyyətim dövründə istər cinayət, istərsə də mülki mühakimə icraatı işlərində keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün əsəslandırılmış vəsatətlərin verilməsinin faydasını görmüşəm. Belə ki, iş üzrə yeni prosesual hərəkətlərin aparılması, yeni məlumatların əldə olunması və sair işlələrin həyata keçirilməsi tərəflərdən hər hansı birinin yazılı vəsatəti əsasında reallaşdırılır. Hakimlər tərəfindən həmin vəsatətlər təmin olunduğu halda bunun ən böyük faydasını elə ədalət mühakiməsini həyata keçirməli olan və həqiqəti aşkar etməli olan məhkəmələr görər. Bu yolla məhkəmə yekun nəticəyə gəldiyi qərarın da əsaslı olduğu qənaətinə gəlir. Lakin, bir sıra hallarda məhkəmələr tərəfindən yalnızca əlavə iş yükündən yayınmaq, tez bir zamanda icraatda olan işlərin sayını azaltmaq və digər subyektiv səbəblərdən həmin vəsatətlər, sözün əsl mənasında, “3 cümləlik” qərarlarla rədd olunur. Bu zaman belə bir sual meydana çıxır: Vəkilin və ya məhkəmədə iştirak edən tərəflərdən hər hansı birinin yazılı xahişi hakimin mövqeyinə uyğun gəlmədiyi halda təmin olunmursa, o zaman yazılı vəsatət institu nəyə lazımdır? Məhkəmələr tərəfindən vəsatətin təmin edilməməsi barədə qərar çıxarılacağı zaman həm işin faktiki hallarına, həm maddi, həm də prosesual normalara istinad edilməli və əsaslandırılmalıdır. Vəkillər tərəfindən verilən vəsatətlərin əsaslandırılması nə qədər vacibdirsə, vəsatətlərin rədd edilməsinin hakimlər tərəfindən əsaslandırılması da o qədər vacibdir”.

Vəkil Ceyhun Yusifovun sözlərinə görə, hazırki müzakirə olunan məsələnin həll yoluna qovuşması ilk başda məhkəmələrin iş faəliyyətinin səmərəliliyini yüksəltməsinə xidmət edər: “Lakin bir çox hallarda hakimlər tərəfindən bu məsələnin qabardılmasına qarşı çıxılır və bu mübahisənin konstitusion prinsipləri çərçivəsində həll edilməsinə şərait yaradılmır.

Sevindirici haldır ki, vəkillərin öz şərəfli peşəsini icra edərkən rastlaşdıqları süni maneələri və üzləşdikləri qanunsuzluqları işıqlandıracaq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və onun vəkilləri sözün əsl mənasında müdaifə edən sədri var. Cənab sədr Anar Bağırovun bu məsələdəki aktiv fəaliyyətini digər vəkillərin də dəstəkləməsini və eyni qaydada fəaliyyət göstərməsini görmək sevindirici olardı. Ümid edirik ki, hüquq cameəsində cənab Anar Bağırov kimi aydınların sayı çox olar”.

Gununsesi.info