Rusiya Nobel mükafatı laureatını həbs edib

  • By ilhame
  • 27 Fevral 2024 21:56

Rusiyalı tanınmış insan hüquqları müdafiəçisi, Nobel mükafatı laureatı Oleq Orlov fevralın 27-də Rusiya ordusunu nüfuzdan salmaqda ittiham edilərək 2 il 6 ay müddətinə həbsə məhkum edilib.⁣

Memorial insan hüquqları təşkilatının qurucularından və liderlərindən olan 70 yaşlı hüquq müdafiəçisi məhkəmə salonundan qandallanaraq çıxarılıb. Memorial Orlovun “ucadan həqiqəti dediyi üçün” həbs edildiyini, “cinayətinin” Kremlin Ukraynaya qarşı müharibəsinə və Rusiya daxilində siyasi repressiyaların güclənməsinə etiraz etməsi olduğunu qeyd edib.⁣

Oleq Orlov 2022-ci ildə Fransanın “Mediapart” onlayn nəşrində dərc edilən “Onlar faşizm istəyirdilər, əldə etdilər” başlıqlı yazısında Rusiyanın Ukraynada müharibəsini tənqid edib, Rusiyanın Putinin liderliyi altında “faşizmə sürükləndiyini və Rusiya ordusunun Ukraynada mümkün qələbəsinin Rusiyada faşizmi qoruyacağını” vurğulayıb. Hüquq müdafiəçisi yazının rus dilində tərcüməsini şəxsi Facebook səhifəsində də paylaşıb.⁣

Ötən ilin oktyabrında bu yazıya görə açılan ilk işdə Orlov məhkəmə tərəfindən 150 min rubl cərimələnsə də, ittiham tərəfi işin yenidən açılmasına nail olub və məhkəmədən hüquq müdafiəçisinin 2 il 11 ay müddətinə həbs edilməsini istəyib.⁣

Orlov məhkəmədəki son sözlərində heç bir cinayət törətmədiyini, mövcud hakimiyyətin “Rusiyanı geriyə, distopiyaya sürüklədiyini” vurğulayıb.⁣

Fevralın 27-də 30-dan artıq beynəlxalq insan hüquqları təşkilatı birgə bəyanat yayaraq Oleq Orlovun həbsinin siyasi motivli olduğunu bildirib, onun və digər siyasi məhbusların dərhal azad edilməsinə çağırıblar.⁣

“Orlovun məhkəməsi ədalətə istehza və ifadə azadlığına hücum idi. Rusiya hakimiyyəti Oleq Orlovun məhkumluğunu ləğv etməli, onu və əsas insan hüquqlarından istifadə etdiyinə görə həbs olunan digərlərini dərhal azad etməlidir”, bəyanatda qeyd edilir.⁣

Oleq Orlovun həbsindən narahatlıq ifadə edən ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi Kremlin Rusiyanı qaranlığa sürüklədiyini deyib.

Gununsesi.info