Azərbaycanla bağlı 907-ci düzəliş məsələsi yenidən gündəmdədir.
Ötən gün Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibədə bu mövzuya bir daha toxunub.
Bir neçə gün əvvəl isə ABŞ-dan gələn nümayəndə heyəti ilə keçirilən görüş zamanı da 907-ci düzəliş məsələsi diqqət mərkəzində olub.
Bəs bu düzəliş nə üçün hələ də qüvvədə qalır ?
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Azər Badamov mövzunu belə şərh edib:

“Yanvarın 4-də ABŞ-nin nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev bir daha 907-ci düzəliş məsələsini gündəmə gətirdi və qeyd etdi ki, bu düzəliş ləğv olunmalıdır. Onun sözlərinə görə, bu düzəlişin qəbul olunması özü ədalətsizliyin göstəricisi idi. Çünki Sovetlər İttifaqı dağılandan sonra ABŞ tərəfindən köhnə ittifaq ölkələrinə maliyyə və texniki yardım artıq nəzərdə tutulmuşdu, amma Azərbaycan bu dəstəkdən məhrum edilmişdi.
Düzəlişin əsaslandırılması göstərirdi ki, Azərbaycan guya Ermənistanı blokadaya alıb. Lakin reallıqda Azərbaycan işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməyə çalışırdı və Ermənistanın sərhədləri digər ölkələrə açıq idi. O dövrdə ABŞ-dakı erməni lobbisi və bəzi senatorlar bunu elə təqdim etmişdilər ki, Azərbaycan guya işğalçı və blokadaçı kimi görünürdü. Prezident İlham Əliyev qeyd etdi ki, həmin dövrdə hakimiyyətdə olan şəxslər beynəlxalq siyasətdən xəbərsiz idi və düzgün məlumat verə bilməmişdilər.
2011-ci ildə ABŞ-ın hərbi əməliyyatları zamanı bu düzəliş müvəqqəti dayandırılmışdı. Lakin 2024-cü ildə Bayden administrasiyası düzəlişi yenidən qüvvəyə mindirdi. İlham Əliyev vurğuladı ki, bu düzəlişin ləğvi yalnız ABŞ Konqresi tərəfindən mümkündür və prezidentin təkbaşına qərarı ilə ləğv edilə bilməz.
Azərbaycan Prezidentinin fikrincə, bu məsələnin gündəmə gətirilməsi və ABŞ dövlət departamenti ilə iş aparılması düzəlişin ləğvi üçün əhəmiyyətlidir. Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər dəyişib, ticarət və tranzit əlaqələri inkişaf edir. Bu səbəbdən düzəlişin ləğv olunması həm iki ölkə arasındakı sülh proseslərinə, həm də Azərbaycan-ABŞ münasibətlərinin sürətli inkişafına töhfə verə bilər. Prezident hesab edir ki, Donald Tramp administrasiyası bu məsələdə Konqresdə təsir imkanlarından istifadə edərək düzəlişi ləğv edə bilər”.
Şəbnəm












