Kennedinin öldürülməsi ilə bağlı 80 min sənəd sabah açıqlanacaq

  • By Admin2
  • 18 Mart 2025 15:10

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin öldürülməsi ilə bağlı təxminən 80 min səhifədən ibarət bütün sənədləri sabah açıqlayacaqlarını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp paytaxt Vaşinqtonda Con Kennedi adına Performans Sənəti Mərkəzini ziyarət edib.

Burada mətbuat mənsublarına açıqlama verən Tramp Kennedinin qətli ilə bağlı bütün sənədləri açıqlayacaqlarını söyləyərək, “İnsanlar bunu onilliklərdir gözləyirdilər” deyib.

“Bizim çoxlu sayda sənədimiz var. Oxumalı çox şey var. Mən heç nəyə senzura tətbiq edəcəyimizi düşünmürəm. Sadəcə dedim ki, senzura etməyin. Siz onu senzura edə bilməzsiniz. Biz JFK fayllarını açıqlayacağıq”, – Tramp deyib.

Təxminən 80 min səhifəlik sənədin dərc ediləcəyi barədə məlumatı paylaşan Tramp jurnalistlərə “Öz qiymətləndirmənizi edəcəksiniz” deyib.

Yanvarın 23-də Tramp keçmiş prezident Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.

Fərman Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edir.

Orxan

Gununsesi.info