“Ermənistan seçkidən sonrakı siyasi düzənin formalaşması mərhələsinə daxil olur” -ŞƏRH

“Seçki prosesi ilə paralel olaraq Ermənistan üzərində xarici siyasi təsir də artmaqdadır. Müxtəlif istiqamətlərdən gələn təzyiqlər ölkədə qərarvermə prosesinə birbaşa təsir göstərir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Rusiya ilə bağlı iqtisadi və siyasi asılılıq İrəvan üçün əsas təsir vasitələrindən biri kimi qalır. Enerji təminatı və ticarət əlaqələri bu asılılığı daha da gücləndirir. Eyni zamanda müxtəlif iqtisadi məhdudiyyətlər və siyasi xəbərdarlıqlar seçki mühitinə əlavə gərginlik gətirir.

Müxalif düşərgədə isə fərqli siyasi qruplar və təsir imkanına malik şəxslər seçki nəticələrinə təsir göstərməyə çalışır. Bu qrupların əsas məqsədi hakim partiyanın parlamentdə təkbaşına üstünlük qazanmasının qarşısını almaqdır. Bu vəziyyət seçkidən sonra siyasi qarşıdurma riskini artırır.

Digər tərəfdən, Qərb institutlarının da bölgədə fəallığı müşahidə olunur. Onların əsas məqsədi seçkidən sonra sabitliyin qorunması və idarəçilik böhranının qarşısının alınması kimi qiymətləndirilir.

Seçkidən sonrakı dövr üçün üç əsas ehtimal daha çox müzakirə olunur: sabit siyasi hakimiyyətin formalaşması, koalisiya böhranı və ya küçə etirazları ilə müşayiət olunan uzunmüddətli siyasi gərginlik. Ən mürəkkəb ssenari isə daxili parçalanmanın dərinləşməsi hesab olunur.

Bu mənzərə göstərir ki, Ermənistan seçki mərhələsindən daha çox, seçkidən sonrakı siyasi düzənin formalaşması mərhələsinə daxil olur. Cənubi Qafqazda güc balansı baxımından bu prosesin nəticələri regionun ümumi siyasi xəritəsinə də təsir göstərə bilər”.

 

 

Şəbnəm

Gununsesi.info