Bakının “Avant Park” yaşayış kompleksinin sakinləri aldıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin geri qaytarılması hüquqlarının bərpası istiqamətinə dövlətin müvafiq qurumlarının rəhbərləri ilə görüşlərini davam etdirirlər.
Gununsesi.info xəbər verir ki, sakinlərin təşəbbüs qrupunun nümayəndələri ilə növbəti belə bir görüş Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovla olub.
Görüşdə Şahmar Mövsümov sakinlərin şikayətlərini dinləyərək məsələni ətraflı müzakirə edib. Müzakirələrdə problemin yaranma tarixi, vətəndaşların hüquqları, bu günədək atılan addımlar, məhkəmə proseslərində qarşılaşılan çətinliklər, həmçinin şikayət olunan tərəflərin vətəndaşlara münasibəti kimi məsələlərə toxunulub.
Təşəbbüs qrupunun nümayəndələri bildirib ki, qəbul zamanı əlaqə saxlanılan Dövlət Vergi Xidmətinin əməkdaşı da onların haqlı olduğunu təsdiqləyib. Görüşdə məsələnin məhkəmə yolu ilə həlli imkanları da müzakirə olunub. Sakinlər isə müxtəlif məhkəmə instansiyalarında son bir ildə fərqli qərarların qəbul edildiyini və məhkəmələrin vahid mövqeyinin olmadığını diqqətə çatdırıblar.
Görüş zamanı sakinlər Prezidentə və aidiyyəti dövlət qurumlarına ünvanladıqları yeni müraciətləri, həmçinin araşdırma üçün əhəmiyyət daşıyan digər sənədləri təqdim ediblər.
Şahmar Mövsümov məsələnin araşdırılacağını bildirib.
Sakinlər isə ümid etdiklərini qeyd ediblər ki, dövlət rəhbərliyi tərəfindən məsələyə baxılacaq və problem qısa müddətdə həllini tapacaq.
Xatırladaq ki, “Avant Group” MTK və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan konkret məktublara aylar keçməsinə baxmayaraq yalnız “araşdırılır” məzmunlu cavablar təqdim edilir, araşdırmanın gedişi, nəticələri və başa çatma müddəti barədə isə heç bir məlumat verilmir. Fevralın 17-də sakinlərlə görüşən Dövlət Vergi Xidmətinin nümayəndələri də olunan müraciətlərə hələ də konkret cavab verməyiblər. Həmçinin tərəflərin sakinlərin üçtərəfli görüş keçirilməsi təkliflərinə də əməli reaksiya göstərmədiyi vurğulanır.
Fevralın sonlarında sakinlərlə görüşən MTK-nın icraçı direktoru Azər Hümbətov problemin həlli istiqamətində ümidverici açıqlamalar və vədlər versə də, sonradan nə o, nə də “Avant Group” MTK və “Avant Construction” MMC rəhbərliyi tərəfindən sakinlərə hər hansı irəliləyiş barədə məlumat təqdim olunub.
Aprel ayında Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovla keçirilən görüşdən və həmin şöbə tərəfindən Dövlət Vergi Xidmətinə göndərilən məktublardan sonra da işin gedişatı barədə sakinlərə məlumat verilməyib.













