“Zəngəzur dəhlizi sülh gündəliyindən kənara çıxarılmamalıdır”

“”Trrip” layihəsi ilə bağlı Rusiya və İranla aparılan danışıqlarda Azərbaycanın öz mövqeyini daha qətiyyətlə qoruması vacibdir. Əgər bu marşrut və Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyanat imzalanıbsa, həmin öhdəliklərə əməl olunmalıdır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Eyni zamanda, Ermənistanın İranla şimal–cənub nəqliyyat yolunun tərkib hissəsi olan tunellərin tikintisi barədə razılığa gəlməsi göstərir ki, bu istiqamətdə işlər davam etdirilir.

Lakin bütün bunlar Zəngəzur dəhlizinin əhəmiyyətini ikinci plana keçirməməlidir. Bu məsələ əsas gündəlikdə qalmalıdır.

Digər tərəfdən, son dövrdə həm Avropa Şurası Parlament Assambleyasının, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi mövqelərinin Ermənistanın yanaşması ilə üst-üstə düşdüyü müşahidə olunur. Əgər Ermənistan həqiqətən sülh prosesində maraqlıdırsa, bu məsələlərdə özü açıq mövqe ortaya qoymalıdır. Məsələn, bəyan etməlidir ki, guya “erməni məhbusları”, “erməni irsi” və ya “erməni dini irsinin dağıdılması” kimi iddialardan Azərbaycanla münasibətləri gərginləşdirmək üçün istifadə olunmasını istəmir.

Bu halda görünər ki, Ermənistan doğrudan da münaqişədən sonrakı dövrdə sülh prosesinə zərər vurulmasının əleyhinədir və bu mövqeyini beynəlxalq qurumlar qarşısında da ifadə etməyə hazırdır”.

Deputat qeyd edib ki, eyni yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı da nümayiş etdirilə bilər:

“Ermənistan açıq şəkildə bildirməlidir ki, Azərbaycanla münasibətlərə zərər vura biləcək addımlardan və bu mövzunun siyasi vasitəyə çevrilməsindən çəkinmək lazımdır.

Lakin belə bir mövqe nümayiş etdirilmir. Əksinə, Ermənistan kənarda qalmağa üstünlük verir və sanki bu proseslərin onunla heç bir bağlılığı olmadığını göstərməyə çalışır. AŞPA-nın və ya Avropa İnsan Hüquqları Məhkəməsinin mövqelərinə münasibətdə heç bir fəallıq nümayiş etdirmir.

Eyni vəziyyət “Trrip” marşrutu və Zəngəzur dəhlizi məsələsində də müşahidə olunur. Bu istiqamətdə təzyiqlər davam edir, dəhlizin açılması isə arxa plana keçirilir. Əgər sülh prosesinin bütün əsas tərkib hissələri, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər yerinə yetirilmirsə, belə olan halda Azərbaycanın Ermənistanla sülh sazişini hansı əsasla imzalaması sual doğurur”.

 

 

Şəbnəm 

Gununsesi.info