Tramp sosial şəbəkədəki ödənişli paylaşımlarına görə məhkəməyə verilib

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 23:06

“The Intercept” nəşri və “Freedom of the Press Foundation” qeyri-kommersiya təşkilatı ABŞ Prezidenti Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb

Gununsesi.info  xəbər verir ki, iddiaçılar Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımlarına ictimaiyyətə açıqlanmadan əvvəl giriş imkanı verən ödənişli “Truth API” xidmətinin bloklanmasını tələb edirlər. Bu barədə CNBC məlumat yayıb.

İddiada bildirilir ki, Tramp özünün, eləcə də Ağ Evin, vitse-prezident Cey Di Vensin, FTB direktoru Kaş Patelin və administrasiyanın digər nümayəndələrinin paylaşımlarına əvvəlcədən giriş üçün ayda 100 min dollaradək ödəniş alır.

İddiaçılar hesab edirlər ki, sözügedən paylaşımlar dövlət siyasəti, hərbi əməliyyatlar və digər mühüm qərarlarla bağlı olduğundan onların maliyyə bazarlarına təsir etmək ehtimalı var. Bu məlumatların əvvəlcədən yalnız pul ödəyən şəxslərə təqdim edilməsi isə onların fikrincə, korrupsiya görüntüsü yaradır və ABŞ Konstitusiyasına ziddir.

“Truth API” xidməti iyul ayında “Trump Media & Technology Group” (TMTG) tərəfindən istifadəyə verilib. Şirkətin açıqlamasına görə, xidmət iri ticarət şirkətlərinə Trampın “Truth Social” paylaşımlarına onların ictimaiyyətə açıq elan edilməsindən əvvəl giriş imkanı verir.

TMTG-nin baş direktoru Kevin MakGern daha əvvəl bildirib ki, “Truth API”nin artıq 10-dan çox abunəçisi var və onlar xidmət üçün aylıq 60 min–100 min dollar ödəyirlər.

Gununsesi.info