Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər etsələr, Vladimir Putin onları yenidən qəbul etməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, Lavrov əsas məsələnin ABŞ nümayəndələrinin Moskvaya hansı təkliflərlə gələcəyi olduğunu deyib.
“Biz onlarla danışmaqdan imtina etmirik. Əgər onlar gəlsələr, bilirlər ki, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin onları yenidən qəbul etməyə hazırdır. Başqa məsələ onların hansı təkliflərlə gələcəyidir”, – deyə Lavrov “Vesti”yə müsahibəsində bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva hesab edir ki, Uitkoff və Kuşner ABŞ-da belə bir etimad qazanıblarsa, onların ABŞ Prezidenti Donald Trampa təsir imkanları var və prezident onlara güvənir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, Vladimir Putin və Donald Tramp iyulun 4-də telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Tramp həmin söhbət zamanı Uitkoff və Kuşnerin uyğun vaxtda Moskvaya səfər etməyə hazır olacağını bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə daha sonra qeyd edib ki, onların real planları aydınlaşdıqdan sonra Moskva Uitkoff və Kuşnerin səfərini operativ şəkildə təşkil edə bilər.












