Natiq Cəfərli: “Neft və qeyri-neft sektoru bölgüsü resurs və qeyri-resurs iqtisadiyyatı ilə əvəz olunmalıdır”

  • By Admin2
  • 02 İyul 2026 11:58

İqtisadçı Natiq Cəfərli Azərbaycanda tətbiq olunan “neft və qeyri-neft sektoru” təsnifatının dəyişdirilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixracını təxminən dörd dəfə artıran şirkət “Azerbaijan International Mining Company” MMC olub. İqtisadçı bildirib ki, şirkətin sözügedən dövrdə ixrac həcmi 154 milyon ABŞ dollarına yaxın təşkil edib.

Natiq Cəfərli qeyd edib ki, “Azerbaijan International Mining Company” MMC Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan aparıcı özəl mədənçilik şirkətidir və Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin törəmə müəssisəsidir.

İqtisadçı hesab edir ki, faydalı qazıntıların hasilatı ilə məşğul olan belə şirkətlərin qeyri-neft sektoru kimi təqdim edilməsi iqtisadiyyatın real mənzərəsini tam əks etdirmir.

Onun fikrincə, neft-qaz hasilatı ilə qızıl, mis və digər faydalı qazıntıların çıxarılması mahiyyət etibarilə eyni resurs iqtisadiyyatına aid fəaliyyət sahələridir. Buna görə də, Azərbaycanda uzun illərdir tətbiq olunan “neft və qeyri-neft sektoru” bölgüsü ləğv edilməli, onun əvəzinə “resurs” və “qeyri-resurs” iqtisadiyyatı təsnifatı yaradılmalıdır.

O, həmçinin vurğulayıb ki, belə bir yanaşma ölkə iqtisadiyyatının təbii resurslardan asılılıq səviyyəsini daha aydın göstərməyə imkan verər.

Elmar

Gununsesi.info