Politoloq: - Miçotakisin "Mehtər marşı" ilə qarşılanması Türkiyənin dövlət protokolunun bir hissəsidir

  • By Admin2
  • 10 İyul 2026 12:20

Politoloq Turan Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammiti çərçivəsində Ankarada Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi “Mehtər marşı”nın sədaları altında qarşılamasının sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bəzi xarici sosial media istifadəçilərinin bunu Yunanıstana ünvanlanmış simvolik mesaj kimi dəyərləndirməsi başadüşülən olsa da, bu yanaşma reallığı tam əks etdirmir.

Politoloq qeyd edib ki, diplomatiyada musiqi, mərasim, geyim, marş və tarixi atributlardan istifadə etməklə dolayısı mesajların verilməsi “protokol siqnallaşması” (protocol signaling) kimi tanınır. O xatırladıb ki, bir neçə gün əvvəl İranda keçirilən Ayətullah Seyid Əli Xameneinin vida mərasimində müxtəlif ölkələrin nümayəndə heyətləri üçün fərqli Qurani-Kərim ayələrinin səsləndirilməsi bu yanaşmanın nümunəsi idi.

Lakin Rzayev vurğulayıb ki, Türkiyədəki vəziyyət fərqlidir.

Onun sözlərinə görə, NATO Sammitində iştirak edən bütün liderlər hərbi mərasim və “Mehtər marşı” ilə qarşılanıb. Buna görə də Miçotakisin bu formada qarşılanması xüsusi olaraq Yunanıstana yönəlmiş mesaj deyil, Türkiyənin dövlət qarşılama protokolunun tərkib hissəsidir.

Politoloq bildirib ki, “Mehtər marşı” ilə rəsmi qarşılama Türkiyədə uzun illərə söykənən dövlət ənənəsidir. O xatırladıb ki, 1917-ci ildə Almaniya imperatoru II Vilhelm də İstanbula səfəri zamanı Ənvər Paşa tərəfindən bərpa olunmuş Mehtər bölüyünün iştirakı və “Mehtər marşı”nın sədaları altında qarşılanmışdı.

Rzayev əlavə edib ki, Osmanlı dövründə Mehtər əsasən hərbi orkestr funksiyasını yerinə yetirir, ordunun döyüş ruhunu yüksəltmək və rəqibə psixoloji təsir göstərmək məqsədi daşıyırdı. 1826-cı ildə II Mahmudun yeniçəri ocağını ləğv etməsindən sonra Mehtər fəaliyyəti dayandırılıb, 1911-ci ildə isə tarixi-mədəni irs kimi yenidən bərpa edilib. Müasir Mehtər bölüyü isə 1950-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin tərkibində formalaşdırılıb.

Politoloqun fikrincə, yüksək səviyyəli rəsmi tədbirlərdə və beynəlxalq sammitlərdə qonaq liderlərin Mehtər bölüyü və “Mehtər marşı” ilə qarşılanması Türkiyənin Osmanlı hərbi-mədəni irsini nümayiş etdirən protokol ənənəsidir və bunu siyasi təhdid və ya gözdağı kimi qiymətləndirmək doğru deyil.

Orxan