Son vaxtlar bəzi vətəndaşlar bildirirlər ki, bank xidmətlərindən istifadə edərkən onların şəxsi məlumatları myGov üzərindən ayrıca razılıqları alınmadan yoxlanılır.
Xüsusilə bu iddialar Kapital Bank müştəriləri arasında narahatlıq doğurub. Bu vəziyyət müştərinin məlumatlarının hansı qaydada və hansı əsasla sorğulanması ilə bağlı suallar yaradıb.
Bəs bankın bunu müştərinin açıq razılığı olmadan etməsi qanunvericiliyə uyğundurmu?
Məsələ ilə bağlı Kapital Bankdan sorğumuza cavab olaraq bildirildi ki, müştəri məlumatlarının sorğulanması bank məhsullarının daha uyğun şəkildə təklif edilməsi və məsafədən daha keyfiyyətli xidmət göstərilməsi məqsədi daşıyır.

Bankın açıqlamasına görə, bu məlumatlardan kredit məhsulları üzrə hər bir müştəri üçün daha uyğun və sərfəli fərdi şərtlərin müəyyənləşdirilməsi zamanı istifadə olunur.
Qurum qeyd edib ki, müştərilər istədikləri halda myGov tətbiqinin “İcazələrin idarə edilməsi” bölməsindən Kapital Bankın məlumatları sorğulamaq icazəsini dayandıra bilərlər.
Bank onu da vurğulayıb ki, məlumatların sorğulanmasına icazə ləğv edilərsə, kredit müraciətinin tam qiymətləndirilməsi və müştəriyə sərfəli fərdi şərtlərin təqdim edilməsi mümkün olmaya bilər.
Gununsesi.info -ya danışan hüquqşunas Xəyal Məmməod qeyd edib ki, hər görünən bildirişi qanun pozuntusu kimi qiymətləndirmək düzgün olmaz:

“Bunun texniki izahı da ola bilər. Lakin əgər hər hansı qurum vətəndaşın fərdi məlumatlarını onun razılığı olmadan və ya qanunda nəzərdə tutulmayan qaydada əldə edir, emal edir və ya istifadə edirsə, bu artıq hüquqi məsuliyyət yarada bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi həyatının toxunulmazlığı və şəxsi məlumatlarının qorunması hüququ təmin edilir. Eyni zamanda, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə fərdi məlumatlar yalnız qanuni əsas olduqda və ya məlumat sahibinin razılığı ilə emal edilə bilər.
Əgər araşdırma nəticəsində müəyyən olunsa ki, fərdi məlumatlardan qanunvericiliyin tələblərinə zidd şəkildə istifadə edilib, həmin əmələ görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət yarana bilər. Pozuntunun xarakterindən asılı olaraq vəzifəli və hüquqi şəxslər barəsində cərimələr və digər hüquqi tədbirlər tətbiq oluna bilər”.
Hüquqşunasın fikrincə, bu kimi hallarda ən vacib məsələ şəffaflığın təmin edilməsidir:
“Vətəndaş bilməlidir ki, onun məlumatlarına hansı məqsədlə müraciət olunub, bunun hüquqi əsası nədir və həmin məlumatlardan necə istifadə edilir. İnsanlara aydın və başadüşülən izah verildiyi halda bu cür narahatlıqların da qarşısı alınmış olar.
Əgər hər hansı vətəndaş şəxsi məlumatlarının qanunsuz istifadə olunduğunu düşünürsə, ilk növbədə aidiyyəti bankdan və ya qurumdan rəsmi izahat tələb etməlidir. Verilən cavab onu qane etmədiyi halda isə səlahiyyətli dövlət orqanlarına müraciət etmək və hüquqi yardım almaq hüququna malikdir.
Yekun olaraq qeyd etmək istərdim ki, rəqəmsal xidmətlərin inkişafı müasir dövrün tələbidir. Ancaq bu inkişaf vətəndaşların şəxsi məlumatlarının qorunması hüququ hesabına baş verməməlidir. Son vaxtlar bu məsələ ilə bağlı mənə hüquqi məsləhət üçün müraciət edən şəxslərin sayının artması göstərir ki, cəmiyyətdə bu mövzuya ciddi həssaslıq var.
Vətəndaşlara tövsiyəm odur ki, MyGov və digər elektron platformalarda hesablarının təhlükəsizlik ayarlarını mütəmadi yoxlasınlar, istifadə etmədikləri icazələri ləğv etsinlər və şübhəli bildirişlərlə qarşılaşdıqda məsələni araşdırmadan nəticə çıxarmasınlar. Şəxsi məlumatlarının qanunsuz istifadə edildiyinə dair əsaslı şübhələri olduqda isə hüquqlarını tələb etməkdən və hüquqi yardıma müraciət etməkdən çəkinməsinlər.
Hesab edirəm ki, aidiyyəti dövlət qurumları və maliyyə institutları da bu məsələdə vətəndaşların suallarını operativ cavablandırmalı, məlumatların emalı prosesini maksimum şəffaf şəkildə izah etməlidirlər. Bu, həm vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına, həm də elektron dövlət xidmətlərinə olan ictimai etimadın güclənməsinə xidmət edəcək”.
Şəbnəm Rəhimova












