ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində 1–2 sentyabr tarixlərində keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında Çinlə digər üzvlər arasında fikir ayrılığı yaranıb.
Görüşün diqqət çəkən məqamlarından biri Çinin Hörmüz boğazından “azad, təhlükəsiz və proqnozlaşdırılan” keçidi nəzərdə tutan müddəaya qoşulmaması olub. Digər G20 üzvləri bu müddəanı dəstəkləsə də, Pekinin etirazı yekun birgə bəyanat üzrə konsensusun əldə olunmasına mane olub.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev hesab edir ki, Pekinin mövqeyini yalnız İranı müdafiə etmək cəhdi kimi qiymətləndirmək doğru deyil.
Onun sözlərinə görə, Çin, əslində, Hörmüz boğazının bağlanmasında maraqlı deyil. Dünyanın ən böyük enerji idxalçılarından biri olan Pekin üçün boğazın açıq və təhlükəsiz qalması iqtisadi baxımdan olduqca vacibdir. İranın Hörmüz üzərindən enerji axınını təhlükəyə atması Çinin öz iqtisadi maraqlarına da zərər vura bilər.
Politoloq bildirir ki, Pekin məsələyə daha geniş geosiyasi prizmadan yanaşır:
“İran Çin üçün həm tərəfdaş, həm də strateji vasitədir. Hər şeydən əvvəl, İranın zəifləməsi Yaxın Şərqdə Vaşinqtonun mövqelərini gücləndirə və Çinin enerji və geosiyasi maraqlarını daha həssas vəziyyətə sala bilər. Buna görə də Pekin Tehranın tamamilə təcrid olunmasını istəmir”.
Rzayevin fikrincə, Çin İranın ABŞ və İsraillə qarşıdurması fonunda Tehrana pərdəarxası hərbi və beynəlxalq müstəvidə siyasi-diplomatik dəstək göstərir.
Bununla belə, Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləsə də, bu məqsədlə yaradılacaq siyasi və hüquqi çərçivənin yalnız ABŞ tərəfindən müəyyənləşdirilən model əsasında formalaşmasını istəmir.
Politoloq hesab edir ki, məsələnin Çin üçün daha mühüm tərəflərindən biri Tayvan məsələsidir.
“Bu gün Hörmüzlə bağlı verilən qərar sabah Tayvan məsələsində də təkrarlana bilər. İran böhranının bir gün başa çatması və Hörmüzün yenidən açıq və sabit vəziyyətə qayıtması mümkündür. Amma ABŞ-ın strateji boğazlarda hərbi iştirakını legitimləşdirən beynəlxalq yanaşma formalaşarsa, bu, Çinin qarşısında uzun illər qala biləcək geosiyasi reallığa çevrilə bilər”, – deyə Turan Rzayev qeyd edib.
Onun sözlərinə görə, Pekin Vaşinqtonun Hörmüz boğazı ilə bağlı yanaşmasının gələcəkdə Tayvan boğazına tətbiq oluna biləcək presedent yaratmasından ehtiyat edir.
“Sadə formada desək, Vaşinqton deyə bilər ki, beynəlxalq ticarət və naviqasiya üçün həyati əhəmiyyət daşıyan Tayvan boğazı açıq qalmalıdır və buna görə də ABŞ hərbi qüvvələrinin orada iştirakı legitimdir. Pekin məhz belə bir presedentin yaranmasını istəmir”, – politoloq bildirib.
Turan Rzayevin qənaətinə görə, Pekin bu mövqeyi ilə bir növ gələcəyə investisiya edir. Çin bu gün İranın yanında dayanmaqla yanaşı, sabah Tayvan məsələsində öz əleyhinə işləyə biləcək beynəlxalq hüquqi və siyasi presedentin formalaşmasının qarşısını almağa çalışır.
Orxan












