“Avrasiyanın yeni xəritəsində Azərbaycanın çəkisi artır”

“Yeni Avrasiya təhlükəsizlik modelində diqqət çəkən əsas məsələlərdən biri hərbi güclə logistikanın getdikcə bir-birindən ayrılmaz hala gəlməsidir. Müasir geosiyasətdə orduların hərəkəti qədər, yüklərin, enerjinin və məlumat axınının təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır”.

Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Məhz bu baxımdan Azərbaycan üçün yeni imkanlar açıla bilər. Azərbaycan artıq təkcə Güney Qafqazın deyil, bütövlükdə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. “Şimal–Cənub” dəhlizi Rusiyanı Hind okeanı istiqamətinə bağlayırsa, Transxəzər marşrutu Mərkəzi Asiyanı Avropaya çıxarır. Bu iki strateji xəttin kəsişdiyi nöqtə isə Azərbaycandır. Bu, Azərbaycanın həm əlverişli coğrafiyası, həm də müasir geosiyasi kapitalıdır.

Rusiya ilə Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik sistemi formalaşarsa, onun iqtisadi dayaqlarından biri məhz Azərbaycan olacaq. Çünki təhlükəsizlik yalnız silahla təmin edilmir. Onu dəmir yolları, limanlar, enerji marşrutları, rəqəmsal əlaqələr və etibarlı tranzit şəbəkələri də formalaşdırır. Azərbaycan məhz bu sahələrdə son illər ardıcıl üstünlüklər qazanıb, zəruri infrastrukturlar formalaşdırıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal–Cənub” nəqliyyat dəhlizi və Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar birlikdə Azərbaycanı Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirir.

Məhz bu nəqliyyat şəbəkələri Rusiya ilə Mərkəzi Asiya arasında formalaşması iddia olunan yeni təhlükəsizlik arxitekturasının iqtisadi dayaqları ola bilər. Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil, müxtəlif geosiyasi mərkəzlər arasında etimad və əlaqələndirmə platforması funksiyasını yerinə yetirə bilər. Bu isə ölkəmizin regional və qlobal siyasətdə rolunu keyfiyyətcə yeni mərhələyə çıxarır. Əgər əvvəllər Azərbaycanın üstünlüyü əsasən enerji resursları ilə izah olunurdusa, indi ölkənin əsas strateji üstünlüyü nəqliyyat, logistika, rəqəmsal bağlantılar və çoxtərəfli diplomatiyanın kəsişməsində formalaşır.

XXI əsrin Avrasiyasında dövlətlərin çəkisi təkcə hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə də müəyyən edilir. Azərbaycanın artan geosiyasi əhəmiyyəti də məhz bu yeni reallığın məhsuludur.

Nəticə kimi qeyd edə bilərik ki, Putinin son göstərişi təkcə iki sazişin yenilənməsi deyil. Bu, Kremlin yeni geosiyasi reallığı qəbul etməsinin ilk əlamətlərindən biridir. Həmin reallıqda Azərbaycan artıq hadisələri kənardan izləyən ölkə deyil, Avrasiyanın yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərə bilən mühüm aktorlardan biridir”.

 

 

Şəbnəm

Gununsesi.info