Musiqi sədaları, məclis iştirakçılarının xoş ovqata köklənmiş səmimiyyəti və konfersenin şirin ləhcədə, ürəyəyatımlı aparıcılığı əsrlərin şahidi tarixi məkanda gözəl atmosfer yaratmışdı. Məclisi idarə edənin doğma yurdda doğulub-böyüyən igidlərin vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlmələrini böyük ehtiramla yad etməsi insanı xəyalən çox uzaqlara aparır.
İstər-istəməz fikrən tarix vərəqləyərək olub-keçənləri göz önündə canlandırmağa cəhd edirsən. O oğullar ki, torpağın əsirlikdə inləyən dadına çatmış, Vətənin azadlığını canından əziz bilib ölümün gözünə dik baxmışlar. Onların ruhu dolaşan məkan elə müqəddəsdir.
Təkcə Birinci və İkinci Qarabağ müharibəsimi? Birinci və İkinci dünya müharibəsimi? 1918-ci ilin daşnak-bolşevik simasızlığına qarşı mübarizəmizmi?
Yüzilliklər boyu məkrə, pis niyyətə sipər olmağı bacaran Vətən övladlarının gözlərindən iz qalan yurd yeri, nəğməsi bir an belə susmayan çayın zümzüməsi, qosqocaman çinarın göylərə boy verən əzəməti və tarixlərdən boylanan tarixin özü…
Bura qədim-qaim Şirvanın Ağdaş adlı məkanının kiçik bir guşəsidir. Türyançayın sol sahili, Ağdaş şəhərinin “Şamaxı qapısı” sayılan yeridir.
Yerli əhalinin hələ 1951-ci ildə Mərkəzi İcraiyyə Komitəsinin verdiyi qərarla buranı pavlion adlandırması təsadüfi deyil. Şirvanın səciyyəvi xüsusiyyətlərindən biri də keçmişə hörmət əlaməti olaraq yer-yurd adlarının canlı danışıq dilində hifz edilib saxlanmasıdır.
“Çinar Pavlionu”nun tikintisinə rəsmi sənədlərə görə 1951-ci ildə başlanmış və qərarda obyektin adı məhz belə getmişdir.
Məkanın tarixinə ekskursu tarixin daha əvvəlki dönəmlərindən başlayaq.
1975-ci ildə respublika mərkəzi orqanlarının göstərişi ilə bölgələrdə çoxəsrlik yaşı olan ağacların pasportlaşdırılması həyata keçirilir. Müvafiq olaraq, buradakı çinar ağacının XV yüzilliyin yadigarı olması müəyyənləşdirilir.
İyirmi il sonra, 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən daha səhih müəyyənləşdirmə aparılaraq ağacın yaşının yeddi yüz il olduğu dəqiqləşdirilir. Bu əzəmətli nəhəng möcüzə təbiətin XIII əsrdən qalma yadigarıdır.
1500-cü ilin payızında Ağqoyunlu Əlvənd Mirzədən qismən asılılığı olan Şirvanşahlar əslində tam olaraq müstəqil idi. Səfəvi İsmayılın məsləhətçilərinin Ərzincan müşavirəsində Şirvana yürüş qərarı tezliklə gerçəkləşməli olur. Təbii ki, gələcək şahın yaxın ətrafının onun babası Cüneydin və atası Heydərin məhz Şirvanda öldürülməsini əsas gətirərək əməliyyatlarına şərti olaraq qisas adı qoyması başa düşülən idi.
Əslində isə Əlvənd Mirzənin güclü ordusu və onun üzərinə yürüş zamanı Şirvanşahların müttəfiqlik borcundan yaranan ehtimal vəziyyəti qəlizləşdirirdi. Odur ki, Səfəvilər ilk olaraq Şirvanı zərərsizləşdirməyi strateji məqsəd seçdilər.
Səfəvilər “Qoyun ölmü” adlanan yerdə düşərgə salırlar. Burada son məşvərətlərini keçirirlər. Bu vaxt Şirvanşah Fərrux Yasar yaxınlaşan təhlükəni hiss edib, Şamaxı əhalisinin şəhərdən çıxıb dağlara çəkilməsini təmin edir.
İsmayılın qoşunu Kür çayını keçib Şamaxıya çatır. Boş şəhərə daxil olan qoşun Buğurt qalası istiqamətində hərəkət edir. Səfəvi salnaməçilərinin verdiyi obyektiv olmayan məlumata görə, qüvvələr nisbəti 20 minin 7 minə qarşılığı idi. Amma bu məlumat həqiqəti əks etdirmir. Çünki elə həmin dövr anonim müəlliflərdən biri Səfəvilərin 12 min, Şirvanşahların isə 20 min canlı qüvvəsinin üz-üzə gəlməsi haqqında məlumat vermişdir.
Buğurt qalası ilə Gülüstan qalası arasında, Ulu düzündə İsmayılın Şahgəldi adlı əsgəri Şirvanşah Fərrux Yasarı öldürür. Şahgəldinin Fərrux Yasarın başını İsmayıla hədiyyə etməsi onun əsgəri nüfuzunu yüksəldir.
1501-ci ilin yazında Mahmudabadı ələ keçirən Səfəvilər Bakıya da hücum edir. Ciddi müqavimətlə üzləşdiklərindən İsmayıl özü də Bakıya gəlir. Qazi bəyin başçılığı ilə Bakını qəhrəmancasına müdafiə edən yerli əhali sonda məğlubiyyətlə barışmaq məcburiyyətində qalır.
İsmayıl hələ də Gülüstan qalasını mühasirədə saxlayan Piri bəy Qacara və artıq dəstə başçısı olan Şahgəldiyə Gülüstanın mühasirəsini dayandırıb Naxçıvan istiqamətində hərəkət etməyi tapşırır. İsmayıl özü əsas qoşunla Kür çayını keçib Arazboyu hərəkət etməklə Şərura üz tutur.
Piri bəy Qacar və Şahgəldinin başçılıq etdiyi qoşun isə Ağsu dolaylarını düşüb, Qarabağdan keçməklə əsas qüvvələrlə birləşməli idi.
Mənbələrin verdiyi məlumatlara görə, onlar Ağdaş yaxınlığında düşərgə salıb bir neçə gün istirahət edirlər.
Türyançay sahilində yerli əhalinin “Şamaxı qapısı” adlandırdığı yerdə qoşunun istirahəti və gecələməsi üçün əlverişli şərait onların diqqətindən yayınmamışdır.
Piri bəy Qacarın və Şahgəldinin sərəncamında olan qüvvələr Ağdaşa çatanacan susuzluqdan kifayət qədər əziyyət çəkmişdilər.
Yazda dağlarda yağan qısamüddətli yağışlar Ağsu, Girdiman və Göyçay çaylarının suyunu bulanıq lil halına saldığından qoşunun içməli su ehtiyacı ödənilmirdi. Qəribədir ki, mənbəyini Tufandağdan götürən Türyançayın suyu isə həmin vaxt göz yaşı kimi dupduru idi.
Tarixdə Ağdaş girişində düşərgə salan digər hərbi dəstə Qazıqumluqlu Surxay xanın adı ilə bağlıdır. Bir neçə dəfə Şirvana hücum edən Surxay xan Şamaxıda bir müddət möhkəmlənir. Nadir xanın 1734-cü il yürüşü zamanı Mahmudabad-Quba istiqamətinə çəkilməyin təhlükəli olduğunu başa düşən Surxay xan Ağdaşda düşərgə salıb gözləmək qərarını verir.
Bir neçə gün Türyançay sahilində qalan Surxay xan yerli əhalinin məsləhəti ilə bir neçə kilometr şimalda, sıldırım qayalıqlar arasında yerləşən qalada gizlənir. Həmin qala indi də Surxay qalası adlanır.
Qədim karvan yollarının kəsişdiyi yerdəki bu nəhəng çinarın şahidlik etdiyi digər epizod isə iyirmi il Azərbaycanda siyasi hakimiyyətin başında duran Mircəfər Bağırovun adı ilə bağlıdır.
Mircəfər Bağırov 1951-ci ildə Gəncəyə gedərkən bu çinarın kölgəsində çay içməyə qərar verir. Şahidlərin dediyinə görə, içdiyi çay çox xoşuna gəldiyindən çayçını çağırıb onunla söhbət edir. Az da olsa müştərisinin olduğunu, dolanışığının qənaətbəxş olduğunu bildirən çayçı Bağırovu tanımır.
Təkidlə “Səni incidən, edən olmur?” sualına çayçı:
— Hərdən rayonun prokuroru adam göndərir, iki-üç ayda bir ona 5-10 manat verirəm, — deyir.
Deyilənə görə, həmin gecə Ağdaş rayon prokuroru Bakıya çağırılır və o getməklə heç kəs onu bir daha görmür.
Bir neçə gündən sonra Mircəfər Bağırov həmin çayçıda zona müşavirəsi keçirir. Ətraf rayonların partiya rəhbərlərinə tapşırıq verib, burada müasir iaşə müəssisəsinin tikintisinə səfərbər olmalarını tövsiyə edir.
Qısa müddətdə tikiləcək pavlion layihələşdirilir. İnşaat işləri 1953-cü ildə başa çatır. Amma artıq Mircəfər Bağırov vəzifədən uzaqlaşdırılmışdı.
Həmin çayçının orada işləməsinə imkan verilmir. İaşə müəssisəsi Kərim Əsədova tapşırılır.
Uzun müddət Çinar Pavlionu onun müdirliyi ilə fəaliyyət göstərir.
Qədim Şirvan torpağının çoxəsrlik yadigarı çinar başqa bir xəyanətə də şahid olub.
Belə ki, 1861-ci ilin avqust ayının 14-də general İsmayıl bəy Qutqaşınlı öz həyat yoldaşı ilə Şamaxıdan gəlib Qəbələyə, Soltannuxa kəndinə gedirmiş. Havanın həddindən artıq isti olması və yol yorğunluğu ona burada ayaq saxlayıb dincəlməyi diqtə edir.
Faytonu çınarın kölgəsində saxladıb, əl-üzünü çayın buz kimi suyunda yuyur. Yaxınlıqda bir bostançının qarpız satdığını görüb ona yaxınlaşır.
Faytonçu israrla getmələrini istəyir. O deyir:
— Bəy, Qara bəyin karvansarasına bir addım qalıb, orada dincələrsiniz.
Kim bilir, bəlkə də etnik mənsubiyyətcə erməni olan bu faytonçu elə erməninin karvansarasında İsmayıl bəy üçün məxsusi hazırlanmış tələni neçə vaxt əvvəldən planlaşdırmışdı.
İsmayıl bəy Qutqaşınlı və xanımı bir saat sonra, elə həmin gün karvansarada yeməkdən zəhərlənərək dünyasını dəyişmişlər.
50-ci illərin əvvəllərində Türyançay üzərində salınan körpü, pavlionun estetik zövq verən fasad görünüşü və çinar ağacının gözəlliyi buranı dillər əzbəri edir.
Təsadüfi deyil ki, rejissor Adil İskəndərov Sabit Rəhmanın ssenarisi əsasında çəkdiyi “Əhməd haradadır?” filminin bir çox epizodlarını burada lentə alır.
Aktyorlar Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Ağəli Ağayevin oynadığı obrazlar — Şirin kişi, Nərgiz xala, kassir dialoqu məhz bu məkanda çəkilmişdir.
Eynən də Əhmədin Bakıdan gəlməsi, körpü üstündə dayanan camışları oradan uzaqlaşdırmağa cəhdi və Leyla ilə qısa dialoq səhnəsi bu məkanın kinoda əksini tapmış kadrlardır.
Zamanla yolçuların ayaq saxladığı, xüsusən yaz-yay aylarında günəşdən çətirlənən çinarın kölgəsində çay içən müsafirlər buranın bənzərsiz mənzərəsindən daim zövq almışlar.
Xalq şairi Hüseyn Arifin bu çinara həsr etdiyi şeiri səliqə ilə yazılmış lövhədə ağacın gövdəsinə bərkidilmişdir.
Rişələri Türyançayın Qafqaz dağlarının zirvələrindən gətirdiyi sudan içən, bərəkətli torpağın canından can alan çinar buludlara boylanıb, öz şahənə görkəmi ilə bütün ətrafdakı gözəlliklərə meydan oxuyur.
90-cı illərdə pavlion özəlləşdirildikdən sonra iş adamı olan sahibkar onu büsbütün müasirləşdirib. Yerli memarlıq ənənələrinə xas elementlərlə bina restavrasiya edilib. Öz ilkin görünüşünü qorumaqla yanaşı, yeniləşmə də dizayn baxımından çox uğurlu alınıb.
Yaxınlıqdakı magistral şosenin keçdiyi ikinci körpü inşa edilib. Bir sözlə, bu tarixi məkan və ətrafı cəlbedici gözəlliyi ilə göz oxşayır.
Yalnız yaxınlıqdakı başqa bir əzəmət bütün bu gözəlliklərdən yüksəkdə dayanır.
Bu, 52 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımızdır.
Ölkə Prezidenti İlham Əliyevin 1 may 2014-cü ildə açılışını etdiyi Bayraq Meydanı özündə əsrlərin tarixini yaşadan məkana məxsusi möhtəşəmlik verir.
Vaxtı ilə buradakı çinarın kölgəsində ustad sənətkar Habil Əliyev dostları üçün kamançada ifa edib, xalq şairi Fikrət Qoca qəlbləri riqqətə gətirən şeir deyib, bitib tükənməyən söz-söhbəti ilə akademik Bəkir Nəbiyev könüllər ovsunlayıb. Bəlkə də Müşviq İsayevin nakam taleleli ömür yolunun neçə vədəsi bu çinarın sərinliyindən keçib.
İndi çinarın boy-boya verən budaqlarından hündürdə bir bayraq ucalır. O bayrağın kölgəsi isə təkcə Ağdaşın yox, bütöv məmləkətin can sərinliyidir.
Bizim torpaqlarımızın böyük bir hissəsi 2014-cü ildə hələ işğal altında idi. Amma inanırdıq ki, mütləq zəfər günü yetişəcək.
Azman çinarın ən uca budaqlarından da ucalarda dalğalanan ay-ulduzlu qürur mənbəyimizi 8 Noyabr Zəfərimizdə baş tacımız Şuşada qaldıra bildik. Buna o bayrağı burada göylərə qaldıranda da qəti əminliyimiz vardı.
Bir yanda Türyançayın nəğməsi, dalğalanan bayrağımız, başı göylərə ucalan tarix çinarı, insan əlinin qabarından cütlənib yolçulara yol olan qoşa körpü və Çinar Restoranın içində bu yerlərin qəlbi təmiz, ürəyiaçıq, gülərüz sakinlərinin deyib-gülməsi möhtəşəmliyin təntənəsidir.
Bu məqamda aparıcı müəllimlərin şərəfinə xoş sözlər ünvanlayır.
De! De, qardaşım!
Bu, o müəllimlərdir ki, Vətəni sevdirməyi, vətənpərvərliyi aşılamağı, Vətənə vətən daşı olmağı öyrədə bildilər.
Bizim qalibiyyətimiz ocaq, yurd, torpaq sevgisindən alovlandı. O alovun odunu ürəklərindəki hərarətdən bu şəninə xoş sözlər dediyin müəllimlər çatdılar.
Şəkillər
1. 1953-cü il
2. 1963-cü il
3. 1963-cü il
4. 1963-cü il
5. 1963-cü il
6. 1980-ci il
7. 2014-cü il
8. 2026-cı il
9. 2026-cı il

Pərviz Yəhyalı
Gununsesi.info











