Bir neçə gün öncə Ermənistan ordusunda kadr təyinatı olmuşdu. Belə ki, Baş nazir Nikol Paşinyanın təklifi əsasında prezident Vaaqn Xaçaturyan Samvel Qriqoryanın Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri təyin edilməsi barədə sərəncam imzalaydı.
Gununsesi.info kiçik araşdırması zamanı maraqlı, eyni zamanda xoşagəlməz fakt aşkarlayıb. Korpus komandiri təyinatı alan Samvel Qriqoryan Aprel döyüşləri, Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əmıliyyatı zamanı Ordumuza qarşı döyüşlərdə aktiv iştirak edib.
Belə ki, Azərbaycanın Qarabağ bölgəsində anadan olan polkovnik Samvel Qriqoryan uzun illər Qarabağda fəaliyyət göstərən separatçı rejimin hərbi strukturlarında müxtəlif yüksək vəzifələr tutub. O, hərbi hissə komandirindən diviziya komandirinin müavininə qədər vəzifələrdə çalışıb. 2020-ci il müharibəsindən sonra isə qondarma “Artsax Müdafiə Ordusu”nun qərargah rəisi olub.
Qriqoryan 2020-ci il döyüşlərində Azərbaycan Ordusuna qarşı birbaşa hərbi əməliyyatlarda iştirak edib və 2020-ci il oktybarın 28-də ” II dərəcəli “Döyüş xaçı” ordeni alıb.
Azərbaycan Müdafiə Nazirliyinin 2020-ci ilin oktyabrında yaydığı məlumatda da Qriqoryanın həmin döyüşlər zamanı ağır yaralandığı bildirilirdi. Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunun zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin qərargah binası dağıdılıb, həmin vaxt binada olan 10-cu dağ-atıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb. İndi isə həmin şəxs Ermənistanın ordusunda daha yüksək mövqelərdən birinə gətirilir.
Qriqoryanın təyinatının siyasi tərəfi də diqqətdən kənarda qalmır. Çünki qərar Ermənistan-Azərbaycan münasibətlərində sülh gündəliyinin ön plana çıxdığı bir vaxtda verilib. Bir tərəfdən İrəvan Bakı ilə sülh prosesini davam etdirdiyini bəyan edir, digər tərəfdən isə keçmişdə Azərbaycana qarşı döyüşmüş, Qarabağdakı separatçı hərbi strukturlarda yüksək vəzifələr daşımış zabiti ordu korpuslarından birinə rəhbər gətirir.
Bu təyinat həm Ermənistan Ordusunda ciddi kadr probleminin olduğunu göstərir, digər yandan isə Azərbaycanla normallaşma prosesində mənfi ton yaradır.












