Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, işdə bəzi pozuntular olduğunu deyib və işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.
Zərərçəkənin vəkili vəsatət verərək, təqsirləndirilənin anket məlumatlarında göstərdiyi ünvandakı mənzilin artıq satıldığını deyib. Qeyd olunub ki, dəymiş ziyanla bağlı heç bir ödəniş edilməyib. Bu səbəbdən onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs qərarı verilməsi istənilib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra vəsatətlərin təmin olunmadığını elan olunub, işin baxışa verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin olunub.
Qeyd edək ki, sabiq Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.
Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.











