Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı Azərbaycanın xarici siyasəti və hərbi gücünün artırılması ilə bağlı mühüm mesajlar verib.
Gununsesi.info-nun xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycan heç vaxt hansısa ölkəyə qarşı iküzlülük və riyakarlıq nümayiş etdirməyib.
“Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik. Amma heç vaxt onlar kimi ola bilmərik”, – Prezident deyib.
İlham Əliyev əlavə edib:
“Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu, mümkündür”.
Turan Rzayev hesab edir ki, bu fikirlər Azərbaycanın son illərdə müxtəlif dövlətlərlə münasibətləri fonunda siyasi mesaj daşıyır.
“Prezidentin “iküzlülük və riyakarlıq”ifadələrini işlətməsi Azərbaycanın müxtəlif dövrlərdə xarici tərəfdaşlarından gördüyü münasibətə işarə kimi qiymətləndirilə bilər. Xüsusilə İran, Rusiya və Qərb ölkələri ilə münasibətlərdə Azərbaycanın öz maraqlarını qorumağa çalışması fonunda bu mesaj diqqət çəkir. Qərblə münasibətlərdə isə məsələ daha çox ikili standartlar kontekstində gündəmə gəlib. Azərbaycan uzun illər Qarabağ məsələsində beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə və BMT qətnamələrinə istinad edib. Prezidentin ‘ləyaqətlə siyasət aparmaq’ fikrini vurğulaması Azərbaycanın xarici siyasətdə öz prinsiplərini qorumaq niyyətinin ifadəsi kimi görünür”, – politoloq bildirib.
Turan Rzayev Prezidentin hərbi gücün artırılması ilə bağlı fikirlərinə də münasibət bildirib.
İlham Əliyev qeyd edib ki, əsas vəzifələrdən biri hərbi gücün artırılmasıdır. Dövlət başçısı bunun səbəbini belə izah edib:
“Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
Politoloqun sözlərinə görə, burada söhbət yalnız mümkün müharibəyə hazırlıqdan getmir.
“Azərbaycan 44 günlük müharibə və 2023-cü ildəki antiterror tədbirlərindən sonra regionda yeni reallıq formalaşdırıb. Hazırda real müharibə vəziyyəti yoxdur. Lakin bu, hərbi gücə ehtiyacın aradan qalxması demək deyil. Prezidentin “bu, həmişə lazımdır, hər bir ölkə üçün” fikri daha geniş təhlükəsizlik yanaşmasını ifadə edir. Regionda siyasi vəziyyət dəyişə, yeni təhdidlər və yeni güc balansları yarana bilər. Azərbaycan hərbi imkanlarını artırmaqla yalnız mümkün müharibəyə hazırlaşmır. Bu, eyni zamanda ölkənin təhlükəsizliyini təmin etmək və xarici siyasətdə siyasi manevr imkanlarını qorumaq baxımından da əhəmiyyətlidir”, – Turan Rzayev bildirib.
Orxan









