Müğənni: “Bunu Azərbaycanda hicab qadağası və problemi kimi təqdim etmək gülüncdür”

  • Müəllif: Orxan
  • 13 Oktyabr 2026 15:03

Müğənni Şəhriyar Məhərrəmov Azərbaycanda məktəblərdə hicab məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirib.

Gununsesi.info-ya açıqlama verən müğənni qeyd edib ki, hər bir insanın şəxsi seçiminə hörmətlə yanaşılmalı, başını bağlayan qadınlar lağa qoyulmamalı, təhqir edilməməli və müzakirə obyektinə çevrilməməlidir.

“Əgər hansısa xanım başını bağlayıbsa, heç kimin haqqı yoxdur onu lağa qoymağa, təhqir etməyə, paylaşıb müzakirə obyektinə çevirməyə. Kim bunu edirsə, özü axmaq adamdır. Mövzu bu deyil”, – deyə Şəhriyar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda başı bağlı yaşayan kifayət qədər qadın var və onlar cəmiyyətin ayrılmaz hissəsidir.

“Onlar bizim qohumlarımız, qonşularımız, ətrafımızdakı insanlar, əzizlərimizdir. Heç kim onlara deyə bilməz və demir ki, başını aç, elə yaşa”, – deyə müğənni vurğulayıb.

Şəhriyar Məhərrəmov hesab edir ki, müzakirənin əsas mahiyyəti fərdi seçimdən deyil, məktəblərdə uşaqlar üçün müəyyən edilmiş qaydalardan və vahid geyim tələblərindən ibarət olmalıdır.

O bildirib ki, uşaqlar hələ müstəqil qərar vermək və həyatlarını tam şəkildə idarə etmək imkanına malik olmadıqlarından, onların təhsil aldığı müəssisələrdə müəyyən qaydaların tətbiqi vacibdir.

Müğənni Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin yaşadığını xatırladaraq qeyd edib ki, məktəb mühitində dini və digər simvolların, eləcə də geyim və xarici görünüşlə bağlı seçimlərin müəyyən çərçivədə tənzimlənməsi məsələsinə bu kontekstdən yanaşılmalıdır.

Şəhriyar Məhərrəmovun fikrincə, məktəblərin öz qaydaları və geyim tələbləri var. O, bunu hərbi xidmətlə müqayisə edərək bildirib ki, hər bir sahənin özünəməxsus geyim standartları və davranış qaydaları mövcuddur.

Müğənni sonda vurğulayıb ki, məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələri Azərbaycanda hicabın qadağan edilməsi və ya hicab problemi kimi təqdim etmək düzgün yanaşma deyil.

“Bunu Azərbaycanda hicab qadağası və problemi kimi demək özü gülüncdür”, – deyə Şəhriyar Məhərrəmov fikrini yekunlaşdırıb.

Elmar

Gununsesi.info