ABŞ Kubaya təzyiqləri artırır – Turan Rzayevdən şərh

ABŞ-nin Kubaya qarşı son addımları Vaşinqtonun iqtisadi təzyiq siyasətinin yeni mərhələyə keçdiyini göstərir.

Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Marco Rubionun “ABŞ gələcəkdə Kuba ilə məşğul olacaq” açıqlaması yaxın perspektivdə hərbi müdaxilə ehtimalını göstərməsə də, Vaşinqtonun Havanaya qarşı təzyiqləri artırmaq niyyətindən xəbər verir.

Turan Rzayev bildirib ki, ABŞ prezidenti Donald Trump tərəfindən imzalanan sərəncam əsasında Kubanın iqtisadiyyatında mühüm paya malik olan GAESA holdinqinə qarşı tətbiq edilən sanksiyalar ölkənin əsas iqtisadi dayaqlarını hədəfə alır.

Onun fikrincə, xüsusilə turizm, maliyyə və enerji sektoruna yönələn məhdudiyyətlər Kubada onsuz da ağır olan iqtisadi vəziyyəti daha da dərinləşdirə bilər.

Şərhçi qeyd edib ki, enerji sahəsinə təzyiq təkcə iqtisadi deyil, həm də sosial nəticələr doğurur:

“Yanacaq çatışmazlığı, elektrik problemləri və istehsalın zəifləməsi gündəlik həyata ciddi təsir göstərir. Bu isə Havana tərəfindən humanitar təzyiq siyasəti kimi qiymətləndirilir”.

Turan Rzayevin sözlərinə görə, Vaşinqton yalnız Kubaya deyil, bu ölkə ilə əməkdaşlıq edən xarici şirkət və maliyyə qurumlarına da təzyiq göstərməyə çalışır.

O hesab edir ki, ABŞ bununla digər dövlətlərin Kuba ilə sərbəst iqtisadi əlaqələrini məhdudlaşdırmağa çalışır.

Siyasi şərhçi həmçinin əlavə edib ki, ABŞ eyni vaxtda Çin ilə rəqabət, Rusiya-Ukrayna fonunda Ukraynaya dəstək və İranla gərginlik kimi bir neçə istiqamətdə siyasət aparır.

Onun fikrincə, bu paralel təzyiq siyasəti uzunmüddətli perspektivdə Vaşinqton üçün əlavə geosiyasi risklər yarada bilər.

Orxan

Gununsesi.info