“Açıq mikrofon”da bu dəfə Salyandan olan sahibkarların müraciətləri dinlənildi - FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2022 18:50

“Bu günədək ölkə ərazisində 149 aksiya baş tutub ki, bunların 39-u sahibkarlarla görüş olub. SOCAR “#Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir.”

Bu sözləri “Azəriqaz” İB-nin baş direktorun satış üzrə müavini Rəşad Cavadov Salyan rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü zamanı bildirib.

O,  həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.

Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Salyanda da sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib.

“Açıq mikrofon” aksiyasına qatılan 20-dən çox sahibkarın müraciəti dinlənilib. Səsləndirilən müraciətlərin əksəriyyətini təşkil edən məsələ istixanalarda standartlara uyğun olmayan qaz cihazlarının istismarına icazə verilməsi ilə bağlı olub. Baş direktorun müavini Rəşad Cavadov isə ünvanlanan bu müraciətlərə cavab olaraq sahibkarların diqqətinə çatdırıb ki, qeyd olunan məsələ qanunla tənzimlənir və Birliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Digər müraciətlərdən biri isə debitor borcun hissə-hissə ödənilməsinə icazə verilməsi olub.
Aksiyada bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.

Bütün müraciətlər qeydə alındıqdan sonra Rəşad Cavadov “Təzəkənd” Qaz Paylayıcı Stansiyasının ərazisinə baxış keçirib.

Gununsesi.info