Aclıq aksiyası: Üfiqdəki ədalət gözləntisi yoxsa, hakimiyyətə təzyiq metodu…

  • By admin
  • 30 Yanvar 2023 08:30

Azərbaycanda insan haqları fəallarının aclıq aksiyası son dövrlər tez-tez müşahidə olunur.

Tanınmış müxalif lider Tofiq Yaqublunun 2 il əvvəl keçirdiyi uzun müddətli aclıq aksiyası yerli və beynəlxalq ictimaiyyətdə böyük rezonansa səbəb olmuşdu.

Məhz bu dirənişindən sonra Bakı Apellyasiya Məhkəməsi Yaqublunu cəzadan azad etdi.

Ancaq bəzi hökumət təmsilçiləri aclıq aksiyasını hökumətə təzyiq metodu kimi dəyərləndirir.

Vəkil Aqil Layic Gununsesi.info-ya açıqlamasında bildirib ki, aclıq aksiyası ilk növbədə bu addımı atan şəxsin özünün sağlamlığına qəsddir: “Bu aksiyaya əl atanlar hüquqa artıq yer olmadığını görür. Bütün imkanlardan məhrum olur. Başqa yolu qalmır. Belə halda aclıq aksiyası gündəmə gəlir. Aclıq aksiyası fenomeni hüquq sistemində zorakı olmayan, şəxsin ədalətə qovuşması üçün özünə və yaxınlarına verdiyi zərərdir. Aclıq aksiyası edən insan ədalət tələb edir, ölüm istəmir. Dövlət ağlı olan yerdə bu məsələdə şəxsin haqqı olduğu ədalət təmin edilir, insan ölümə tərk edilmir”.

Vəkil deyir ki, aclıq aksiyası keçirən insanların hər an yüksək keyfiyyətli tibbi yardıma, həkim çıxışına malik olmalıdır: “Tibbi menecement hər an kritik vəziyyətlər üçün hazır olmalı və bu məsələdən agah olmalıdır. Aclıq aksiyası keçirən şəxslərin müstəqil öz seçiminə uyğun olaraq həkim yardımına çıxışı olmalıdır”.

Hazırda həbsdə aclıq edən Bəxtiyar Hacıyevin durumuna diqqət edən Aqil Layic deyir ki, müvəkkilinin səhhəti müdafiə tərəfi olaraq onları ciddi narahat edir: “Biz müdafiə tərəfi olaraq,  özünün seçdiyi həkim tərəfindən müayinə edilməsi üçün Ədliyyə Nazirliyinə və həmin Nazirliyin Tibb Baş İdarəsinə müraciət etmişik. Qayğılarımız ondan ibarətdir ki, adi bir analiz belə götürülmür və nəticəyə bağlanmır. Bu isə ciddi mənadə ailəsində və yaxınlarında həyəcan doğurur. Bəxtiyar ölüm yolunu seçməyib, ədalət tələb edir. Ədalətsizlikdə israr edənlər isə onu dolayı yolla ölümə təkr edənlərdir”.

Vəkil aclıq aksiyasının təzyiq metodu kimi qiymətləndirənlərə isə belə cavab verir: “Onların arqumneti olmadığından bu cür danışırlar. Özləri də yaxşı dərk edir ki, insanın əli hər yerdən üzüləndə buna vadar olur. İnsanlar aclığa əl atmaqla, sağlamlığını təhlükəyə atır və bu yolla üzləşdiyi qanunsuzluqlara diqqət çəkir”, 

 

Pərviz 

Gununsesi.info