Bir millət, iki dövlət: tarixin sınağından çıxan qardaşlıq
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixi köklərə dayanır. “Bir millət, iki dövlət” ifadəsi tarix boyu sadəcə şüar olmadı, dar gündə sınaqdan çıxdı, qardaşlığın parlaq təcəssümü oldu.
1918-ci ildə dövlətsiz, ordusuz Azərbaycan xalqının yardımına Osmanlı Türkiyəsi gəlmişdi. Qəhrəman Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xilaskar missiyası olmasaydı bəlkə də indi Xəzər ətrafında azərbaycanlı, müsəlman yaşamırdı. Çünki hamilərindən dəstək alan ermənilərin niyyəti türksüz Qafqaz yaratmaq idi. Qəhrəman türk əsgərlərinin yardımı ilə Azərbaycanın milli hərbi birləşmələrinin zəfər yürüşü nəticəsində torpaqlarımızda erməni-rus ağalığına son qoyulmuş, Bakı işğaldan azad edilmiş, Azərbaycan Xalq Cümhuriyyəti tarix səhnəsinə çıxmışdı. O ağır illərdə yaşanan Azərbaycan davasında 1130 yaxın türk hərbçisi şəhid olmuşdu. 1919-1923-cü illərdə baş vermis İstiqlal Müharibəsində isə düşmən qarşısında təklənmiş türk ordusuna maliyyə, silah-sursat, yanacaq materialları ilk olaraq Azərbaycandan getmişdi. İstiqlal savaşına könüllü qoşulmuş 3 minə yaxın azərbaycanlı Anadolu torpaqlarında şəhid olmuşdu.
Birinci Qarabağ müharibəsində də Azərbaycan eynilə 100 il öncəki Türkiyənin durumunda idi. Bir zaman Xalq Cümhuriyyətini devirib ölkəmizi özünə ilhaq etmiş SSRİ adlanan nəhəng imperiya çökmüş, xarabalıqlarıdan entik münaqişələr qalmışdı. Azərbaycanın Qarabağ bölgəsində azlıqda yaşayan ermənilər Moskvanın dəstəyi ilə xalqımıza qarşı düşmənçiliyə başlamışdı. SSRİ dağılsa da Moskvadakı imperiyapərəst güclər müstəqil dövlətlərə qarşı intriqadan əl çəkmirdilər. Azərbaycanda təpədən dırnağa qədər silahlanmış separatçılara və Ermənistan hərbi birləşmələrinə qarşı duracaq nizami ordu yox idi. Vətənin müdafiəsi könüllü dəstələrin üzərinə düşmüşdü. 1992-ci ildə Ermənistan ordusu, separatçıların qanunsuz hərbi dəstələri və Rusiyanın 366-cı alayının köməyi ilə Azərbaycan xalqına əsrin dəhşətli faciəsini yaşatdılar. O zaman dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, türklər, müsəlmanlar öz etiraz səsini ucaldır, Azərbaycana dəstək nümayiş etdirirdilər. Dünyanın müxtəlif yerlərindən: Türkiyədən, Mərkəzi Asiyadan, Kiprdən, Güney Azərbaycandan, Şimali Qafqazdan Azərbaycanın haqq davasına dəstək vermək üçün könüllü olaraq insanlar gəlirdilər. Onlardan biri də Türkiyə vətəndaşı, kayserili Atilla Yumak idi.
Yuxuda gələn çağırış, gerçəyə çevrilən qəhrəmanlıq
Qarabağ savaşı və Milli Azadlıq Hərəkatı başlananda mənim 7-8 yaşım var idi. Elə o yaşlarımdan atam – Nəsir Ağayevlə bərabər xalq hərəkatı dalğasında keçirilən mitinqlərə, yığıncaqlara qatılır, vəziyyətə uyğun olaraq vəzifələr icra edirdim. Gah bayraq daşıyır, gah da yığıncağın açılışında Azərbaycanın Dövlət Himnini oxuyurdum.
Atilla Yumakı tanıyanda 9 yaşım var idi. Bizim ailənin bir üzvünə çevrilmiş Atillanın Azərbaycana gəlməsinin qəribə tarixçəsi var. Xocalı faciəsi baş verən günlərdə Atilla Şimali Kiprdə imiş. Bir gün yuxuda qəribə bir yuxu görür. Əlində əsa olan nurani bir ağsaqqal ona qınaqla deyir: “Azərbaycanda qan qardaşlarını qətlə yetirirlər, amma sən burada sakit uzanmısan. Qardaşa Azərbaycanın yardıma ehtiyac var”. Əslində bu cür yuxular duyarsız, laqeyd, bir az da praqmatik insanlara o qədər də təsir etməz. Amma Atilla Yumak böyüklərindən, xüsusilə nənəsindən vətənpərvərlik tərbiyəsi almışdı. Bizdə olanda danışırdı ki, onu bu ruhda nənəsi böyüdüb. Hələ balaca idim, o, mənə “Mehtər marşları” oxuyar, əzbərlədər, türk ordusunun zəfər yürüşlərindən doya-doya danışardı. Deyirdi ki, 86 yaşında vəfat etmiş nənəm təhsilsiz bir qadın olsa da, Turan, türklər haqqında bilgiləri var idi. “Nənəm danışırdı ki, Azərbaycan, Pakistan hər zaman Türkiyəyə qardaş dəstəyi göstərib. Azərbaycan kişiləri istiqal savaşında bizimlə çiyin-çiyinə döyüşüb, xanımları qızıllarını çıxarıb yardım üçün bizə göndəriblər. Həmişə deyirdi ki, türklərin başı bəladan əskik olmaz. Çünki türklər Tanrının sevdiyi, seçdiyi millətdir. Türk heç zaman haqsızlığlığa, ədalətsizliyə boyun əyməz, zalımın qarşısında dik durar. Türk heç zaman zalımın məzlumu əzməsinə sakit tamaşa edə bilməz. Ona görə də düşmənləri çoxdur. Bütün xainləri birləşib türkü arxadan vurarlar”-Atilla, danışırdı. Atillanı Azərbaycana, Qarabağa çəkib gətirən damarlarında axan əsil qan idi, qan yaddaşı idi. Arıq, çəlimsiz bir adam erməni ordusuna hansı zərəri vura bilərdi? Ancaq onun niyyəti saf, əməli misilsiz idi. Onun bir hərəkəti gənclər üçün örnək olacaqdı.
Kiprdən qayıdan kimi İğdıra gəlir Atilla. Oradan isə Bakıya yol alır. Bir gün xalq hərəkatının toplantılarından birində Nəsir Ağayevə xəbər gəlir ki, bəs bir nəfər Türkiyə vətəndaşı bulvarda gecələyir. Nəsir bəy adam göndərir, onu qərargaha gətirirlər. Qısa söhbətdən sonra Nəsir bəy onu Buzovnadakı evinə aparmağa qərar verir. Atilla həmin gündən bizim evdə yaşadı. Böyük qardaşım kimi idi. Nəsir Ağayev o evdə olmayanda bizə-övladlarına, yardımçıların deyirdi ki, Atilla bizdə qonaqdır, Azərbaycanı sevən adamdır, niyyəti safdır. O ki dar gündə bizim köməyimizə gəlib, gərək biz də ona ləyaqətli münasibət göstərək.
Nəsir bəy ona türk tarixindən, hunlardan, böyük Hun hökmdarı Atilladan danışar, onun adına layiq bir igid olduğunu deyirdi. Bir müddət bizdə qaldıqdan sonra Atilla Qubadlıya yollandı…
Aradan 34 il keçib. Elə bil dünəndir. Səhər yuxudan duranda evimizdə qələbəlik (izdiham) vardı. Sən demə dostları onu yola salmağa gəlmişdi. Hərbi formada olan Atilla Nəsir Ağayevlə, bizimlə sağollaşıb yola düşdü. Sonuncu dəfə telefonla görüntülü danışanda – zaman necə amansızdır, balaca uşaq idin, artıq saçların ağarıb-deyərək kövrəldi. Nə qədər təsəlli versəm də, bədəni çəlimsiz, amma ürəyi dağ boyda adamı sakitləşdirə bilmədim. 2 il 40 gün erməni əsirliyində yaşadıqları əzab və işgəncələr səhhətində ciddi problem yaradıb Atillanın. Hazırda Kayseridə yaşayan Atilla Yumak xərçəng xəstəliyindən əziyyət çəkir. Sağlamlığını Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizədə qurban vermiş bu möhtəşəm insan ağrılarını gizlədir məndən. Amma mən onun nələr çəkdiyini gözəl bilirəm. Özünü toparlayıb suallarıma cavab verməyə çalışır.
-Atilla bəy, sən Azərbaycanın köməyinə gələn ölkəmiz indiki kimi deyildi. Güclü dövlətimiz, ordumuz yox idi. İnanırdın ki, Azərbaycan qələbə çalacaq?
– O inam olmasaydı, heç bir qüvvə məni bura çəkib gətirə bilməzdi. 17 yaşımdan Turan aşiqiyəm. Mən bilirdim ki, bu, bizim davadır. Azərbaycanın haqlı davasıdır. Ermənilər işğalçıdır, onlar hamilərinin dəstəyi ilə can Azərbaycanın üstünə yeriyirlər. Azərbaycana gəlmək fikrim var idi. Xocalı soyqırımından sonra fikrim qətiləşdi. Nənəmin tövsüyyələrini xatırladım. Bilirdim ki, mən bir tağıma, bölüyə qalib gələ bilmərəm. Amma 2-3 terrorçu məhv edib düşməndən qisasımı çıxmaq istəyirdim. Azərbaycanın davasını öz davam bilirdim.
-Bakıda ictimai-siyasi xadimlərdən kimləri tanıyırdız?
– Bakıya gələndə heç kimi tanımırdım. Bir gün məni xalq hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucu rəhbəri Nəsir Ağayevlə tanış etdilər. Ona qədər çox ümidsiz idim. Düşünürdüm ki, yəqin məni Türkiyəyə geri qaytararlar. Ancaq Nəsir bəy mənə sahib çıxdı, evinə apardı, süfrəsini açdı. Özümü qərib hiss etmədim o gündən. Məni Qarabağda döyüşən könüllülərlə də o tanış etdi. Bir neçə dəfə Nəsir bəyin rəhbərliyi ilə toplanan Bakı və Kəndlər Birliyinin yardımlarını Füzuli və Qubadlı bölgələrinə aparmışam.
33 yaşım var idi, vətəndaşlıq almaq üçün müvafiq qurumlara müraciət etdim. İstəyirdim ki, Azərbaycan vətəndaşı olaraq ordu sıralarına qoşulum. Bir müddət sonra orduya məni qəbul etdilər.
-Döyüş yolun haradan başladı?
-İlk döyüş yolum Qubadlıdan başlanıb. 1992-ci ilin sentyabrında Qarabağa yola düşdüm. 15 gün Füzuli cəbhəsində də olmuşam. Komandirlərə dedim ki, məni ön cəbhəyə göndərin. Ən gərgin döyüşlərə Başarat istiqamətində – Topağacında girmişik. 6-cı hücum batalyonunun əsgəri idim. Dəfələrlə düşmən arxasına kəşfiyyat yollanmışıq. Cavan idim, qorxu nədir bilmirdim. Azərbaycana gələndə özümə demişdim ki, “Atilla, bu yolun başqa seçimi yoxdur: ya şəhid olacaqsan, ya qazi olaraq dönəcəksən”. Özümü psixoloji cəhətdən hər şeyə hazırlamışdım.
Başaratda gərgin döyüş gedirdi. Səngərdə 5-6 adam var idi. Yaralılarımız var idi. 2-3 nəfər döyüşçümüz yaralıları təhlükəsiz yerə apardılar. Az sonra dedilər ki, mühasirəyə düşmüşük. Komandirə dedim ki, mən aşağı enmək istəyirəm ki, oradan atəş açım, düşmənnin diqqətini yayındırım, döyüş yoldaşlarım çıxsın. Əmr verdi, get, dedi. Mənim atəş dəstəyimlə mühasirədəkilər çıxdı. Sursatım azalmaq üzrə idi. Qəfildən yaxınlığıma top mərmisi düşdü. Qulağım zədələnib, başıma daş parçaları dəydi, huşumu itirib. Ayılanda gördüm ki, erməni əsirliyindəyəm…
Bu hadisə 1993-cü ilin avqustunda baş verib. Atilla Yumak 1 ilə yaxın könüllü olaraq Azərbaycan ordusunda xidmət edib, zəngin döyüş yolu keçib, torpaqlarımızın erməni işğalçılarından qorunmasında xidmətlər göstərib.
Erməni əsirliyində sözün əsl mənasında dəhşətlər yaşayıb türk qardaşımız. Ona türkiyəli olduğu üçün daha çox zülm edirmişlər.
-Məni xüsusi xidmət orqanına apardılar. İstədikləri bu idi ki, televiziyada verilən mətni oxuyub, “cinayətimi etiraf edim”, ya da verdikləri mətnə qol çəkim. Dedilər ki, bu mətni oxumasan səni güllələyəcəyik. Amma mən bilirdim ki, bunu etmək birbaşa xəyanət və satqınlıqdır. Heç zaman ona getmədim və dediklərini də etmədim. Dedim ki, mən bilmədiyim bir mətnə qol çəkmərəm. Məndən istədiklərini ala bilmədilər və Şuşaya apardılar. Dedilər ki, dediyimizi qəbul edənə qədər burdasan. Qəbul etsən, səni azad edəcəyik. 15 gün gəlib-getdilər. Amma qəbul etmədim.
“Dedilər ki, sənin başını Andronikin qəbri üstündə kəsəcəyik”
Şuşa həbsxanasında Atilla olmazın işgəncələrə məruz qalıb.
-Alnımda, bədənimin hər yerində siqaret söndürürdülər. Bıçaqla hər yerimi dəlik-deşik edirdilər. Gözümə zərbələr vurur, kor eləməyə çalışırdılar. Bir neçə dəfə gözlərimi vurub partlatmışdılar. Yemək vermirdilər. Pəncərənin kənarındakı qarı dəmir dolçaya yığıb su olduqdan sonra qudum-qudum içirdim ki, ölməyim. 112 nömrəli kamerada saxlayırdılar. Sonradan öyrəndim ki, ora “ölüm kamerası” olub. Məni “Qırmızı xaç”dan da gizlədirdilər. Onların nümayəndəsi gələndə məni başqa yerə aparır, donuz tövləsinə salırdılar. Bir gün əsirlərdən biri “Qırmızı xaç”ın nümayəndəsinə pıçıldayıb ki, başqa bir əsir də var, sizdən gizlədirlər. “Qırmızı xaç” nümayəndələri bir gün qəfildən içəri girib hücrəmdə məni tapdılar və mən “Qırmızı xaç”ın siyahısına düşdüm. Həftədə bir dəfə havaya çıxarır, odun doğradırdılar. Bir gün odun doğrayarkən iki erməni gəldi. Mənə əmr etdilər ki, uzan. Odunu boynumun altına qoydular. Sevindim ki, başımı kəsəcəklər, bununla da işgəncə bitəcək. Birdən ermənilərdən biri yuxarıdan bağırdı. Başımı kəsmək istəyənlər dayandı. Başıma təpik vurub getdilər. Mən erməni dilini bilmirdim, bilənlərdən soruşdum ki, onlar məni niyə kəsmədilər, nə danışdılar. Mənə dedilər ki, yuxarıdan bağıran erməni deyib ki, ona dəyməyin, onun başını Andronikin qəbri üstündə kəsəcəyik.
Atilla o zaman yanında olan azərbaycanlı əsirlərdən razılıqla danışır. Deyir ki, onlar 2 il 40 günlük əsir həyatı boyu ona yaxından kömək edib, ona qardaş olublar. “Bəzən yeri bilmirdim, məni çiyinlərində ayaqyoluna aparırdılar. Qayğıma qalırdılar, mənəvi ruh verirdilər”-deyə, Atilla davam edir.
“Məhkəmə barəmdə ölüm hökmü çıxardı”
3 aydan sonra “Qırmızı xaç”ın siyahısına düşən Atillanı uşaq xəstəxanasına aparırlar. Xəstəxanada ona məhkəmə qurur, “ağır cinayətdə” ittiham edirlər.
-Elə orada “məhkəmə qurdular”, mühakimə etdilər məni. Dedilər vəkil tələb etmək haqqın var. İstəyirsən Türkiyədən, Bakıdan vəkil gətizdirək. Razı olmadım. Nə isə qərar qəbul edib, dolabıma kağızlar qoyub getdilər. Əsir yoldaşlarım dedilər ki, sənə ölüm cəzası kəsilib. Uşaqlar mənə dedi ki, səni yenidən Şuşaya aparsalar bu dəfə lap dəhşətli işgəncə verəcəklər, beynini siləcəklər.
Əsirlikdə dəhşətlər yaşayan, erməni vandalizminin qurbanına çevrilən Atilla fiziki cəhətdən çox zəifləyibmiş.
– 70 kiloqramdan 36 kiloqrama düşmüşdüm. İşgəncələr və normal qidalanmamaq məni zəif salmışdı. İki dəfə gözlərimi partlatmışdılar. Əsirlərə dəhşətli işgəncə verirdilər. Qaçmağa cəhd edənlərin keyidici vermədən sağ-salamat ayağını kəsirdilər.
2 il 40 gündən sonra məni “Qızıl Aypara”ya təhvil verdilər. Mənə dedilər ki, Türkiyədən jurnalistlər gələcək deyə, səni tələsik Azərbaycan təhvil veriblər.
Qarabağın azadlığı Atillanı çox sevindirib. Deyir ki, qələbə xəbərini alanda Allaha şükür duaları edib.
-Qələbə xəbəri mənə ikinci həyat verdi. Ağrılarım azaldı sanki. Azərbaycana Qarabağ zəfərini yaşadığına görə, Azərbaycan ordusuna, Ali baş komandan cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Bu gün başımız dik gəzirik yer üzündə. Xocalı ləkəsi, Qarabağ ləkəsi alnımızdan silinib. Çox şükür ki, qanımız, əziyyətimiz yerdə qalmadı.
Atilla danışdıqca 90-cı illəri xatırlayıram. “Vətən”, “Turan”, “Qarabağ” deyə hayqıran, ancaq əməli işə, döyüşməyə gələndə “Bizim Cəbiş müəllim” filmindəki mənfi personaj Əbülfəz kimi müxtəlif “xəstəlik kağızları” çıxaranları xatırlayıram. O vaxt uşaq olsam da, yaxşını-pisi, mərdi-namərdi, cəsuru-qorxağı bir-birindən ayıra bilirdim. Çoxu vətən deyib döşünə döyür, amma Qarabağın yolunu tanımırdı. Atilla Yumak isə Azərbaycan xalqına qardaşlıq dəstəyini əməlində sübut etmiş, ailəsini, anasını, azyaşlı körpələrini başsız qoyaraq döyüşmək üçün Qarabağa gəlmişdi. Döyüş yoldaşlarının dediyinə və özünün anlatdığına görə, Atillanın zəngin döyüş yolu da olub. Dəfələrlə həyatını riskə ataraq kəşfiyyata gedib, ən ağır əməliyyatlarda iştirak edib, bir dəfə döyüş yoldaşlarını mühasirədən çıxarıb.
Əsirlikdən qayıdandan sonra da Bakıda yaşadı Atilla. Tez-tez Buzovnaya gəlir, Nəsir Ağayevlə görüşürdü. Bir ara Azərbaycan mətbuatında çalışdı. “Avrasiya”, “Yeddi gün”, “Hürriyət” qəzetləri ilə əməkdaşlıq etdi. Xüsusən “Hürriyyət” qəzetinin yayım və satış işinin təşkilində Atilla Yumakın mühüm xidmətləri olub.
Qarabağ müharibəsi Atilla Yumak olmasa da davam edəcəkdi, amma onun niyyətinin saflığı, missiyası hörmətə layiqdir. O balaca boyu, cəsur ürəyi ilə Atilla tarix yazıb əslində. Bəlkə də gələcəkdə onun əməlləri qəhrəmanlıq hekayələrinə, filmlərinə mövzu olacaq.
Araşdırmaçı jurnalist
Təbriz Ağayev












