Cəmiyyətə xidmət və insanların rifahına töhfə vermək məqsədilə Azərbaycan Hindistan Assosiasiyası (IAA) Qanvermə Aksiyası təşkil etmək qərarına gəlib.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Hindistan Assosiasiyasının prezidenti Prashant Mishra məlumat verib.

O bildirib ki, aksiya Azərbaycan xalqına dəstək göstərmək, eyni zamanda icmalar arasında dostluq və xoşməramlı münasibətləri daha da möhkəmləndirmək üçün bir humanitar təşəbbüsdür.
Assosasiyadan həmçinin bildirilib:
“Biz hindlilər olaraq mərhəmət, xidmət və ehtiyacı olan insanlara yardım etmək kimi dəyərlərlə qürur duyuruq. İnsan həyatını xilas edən, ümidləri yenidən canlandıran və ailələrə ən çətin anlarında dəstək olan qan bağışlamaqdan daha qiymətli hədiyyə demək olar ki, yoxdur. Bütün uyğun üzvlərimizi bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir, həmçinin azərbaycanlı dostlarınızı və həmkarlarınızı da iştirak etməyə həvəsləndirməyinizi xahiş edirik. Əgər hər hansı səbəbdən qan verə bilmirsinizsə belə, iştirakınız və mənəvi dəstəyiniz bu aksiyanın uğurla həyata keçirilməsinə böyük töhfə verəcəkdir”.
Qeyd edək ki, iştirak, könüllülük, sponsorluq və ya hər hansı sualınızla bağlı IAA İcraiyyə Komitəsinin üzvlərindən biri ilə əlaqə saxlaya bilərsiniz.
Orxan
Gununsesi.info












