“Azərsu”da zərərlə işləyirmiş -HESABAT

  • By admin
  • 13 İyul 2022 19:07

“Azərsu” ASC 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatını açıqlayıb.

Dövlət şirkətinin illik xalis zərəri 552 milyon manatı ötüb. Belə ki, 2021-ci ildə “Azərsu”nun gəlirləri əvvəlki illə müqayisədə 43% artaraq 262,9 milyon manata çatıb.

ASC-nin suyun satışından gəlirləri 182,5 milyon manat (45,4% çox), kanalizasiya xidmətlərindən gəlirləri isə 70,5 milyon manat (37,3% çox) təşkil edib. Satışın maya dəyəri isə 2% azalaraq 128,7 milyon manata enib. “Azərsu”nun ümumi mənfəəti 134,2 milyon manata yüksəlib. Bu da 2020-ci ilə nisbətən 2,5 dəfə çoxdur.

Dövlət şirkətinin zərər etməsinin əsas səbəbi isə ötən il üzrə “digər əməliyyat” xərclərinin 2,6 dəfə artaraq 549,5 milyon manata, satış və paylanma xərclərinin isə 24,7% artaraq 146,6 milyon manata yüksəlməsi olub. ASC-nin inzibati xərcləri isə 30% azalaraq 28,7 milyon manata enib.

Sadalanan xərclər qarşısında “Azərsu”nun digər gəlirləri 32,2 milyon və məzənnə fərqindən gəlirləri isə 10,315 milyon manat olub. Xərclərin gəlirdən xeyli yüksək olması nəticəsində dövlət şirkəti 552,2 milyon manat xalis zərər edib. Bu isə əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur.

2020-ci ildə “Azərsu” 323,2 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə isə “Azərsu”nun yığılmış zərəri 7,855 milyard manata çatıb. 31 dekabr 2021-ci il tarixinə dövlət şirkətinin cəmi aktivləri 2,1% artaraq 1,021 milyard manata, cəmi kapitalı 5,9% artaraq 443,186 milyon manata çatıb, cəmi öhdəlikləri isə 0,7% azalaraq 578,444 milyon manata enib.

Gununsesi.info