Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - FOTO

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 10:05

İstanbulda azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Qaziosmanpaşa rayonunda yerləşən binada qeydə alınıb.

Bildirilir ki, mənzildən yayılan pis qoxudan narahat olan qonşular bu barədə polisə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğınsöndürmə briqadasının köməyi ilə qapısı açılan mənzilə daxil olan polis burada bir nəfərin cansız bədənini aşkar edib. Tibb işçilərinin apardığı müayinədən sonra həmin şəxsin Azərbaycan vətəndaşı Rövşən Zeynalov olduğu müəyyənləşib.

Mənzildə həmçinin Zeynalovun bacısı Mətanət Zeynalova yataq otağında yatarkən aşkarlanıb. Psixi problemləri olduğu güman edilən qadının ölmüş qardaşı ilə təxminən 1 həftə eyni mənzildə yaşadığı müəyyən olunub.

Mənzildə qan izlərinə də rast gəlinib. Dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Rövşən Zeynalovun cənazəsi Məhkəmə Tibb Qurumunun morquna aparılıb. Faktla bağlı araşdırma başladılıb.

“Unikal”ın məlumatına görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.

Əslən Qubadlı rayonundan olan R.Zeynalovun Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.

Məlumata görə, Rövşən Zeynalov “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

Xatırladaq ki, sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilova (Bəniz) bir neçə gün öncə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.