Bu, ölkəmizin strateji mövqeyini möhkəmləndirəcək - Deputat

  • By admin
  • 29 İyun 2021 11:16

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsi ilə şərqə istiqamət götürüb. Bu, artıq “Şimal-Cənub” dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsilə ilk yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır. Bu isə o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra “Şimal-Cənub” nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən müharibəsindəki zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən strateji əhəmiyyət daşıyır: “Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artırır. Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi “Şimal-Cənub” dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu, bir tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.

V.Bayramov əlavə edib ki, Şüveyş kanalında baş verən son qəzadan sonra “Şimal-Cənub” dəhlizinin əhəmiyyəti daha da yüksəlmişdi: “Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm də infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

Gununsesi.info