Çingiz Mustafayevlə Sirac Abışovun doğum günüdür

  • By admin
  • 29 Avqust 2022 12:37

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun – Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.

Gununsesi.info xəbər verir ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-u Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

1992-ci ilin iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.

O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Gununsesi.info