Deputat:   "Bu gömrük sistemi Azərbaycana ziyan vurur"

  • By admin
  • 22 May 2021 09:09

Mayın 18-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirdi. Əməliyyat nəticəsində korrupsiya və rüşvətin yer aldığı bu qurumda bir neçə nəfər həbs olundu.

Ümumiyyətlə, sahibkarların və sıravi vətəndaşların Dövlət Gömrük Komitəsindən narazılıqları yeni xəbər deyil. Gömrük sistemində həyata keçirilən son əməliyyat əhalidə belə fikir yaradır ki, nəhayət bu qurumda da qanun işləməyə başlayacaq və təkcə rüşvət, korrupsiya deyil, eyni zamanda məmur oliqarxiyası və monopoliyaya da ağır zərbə vurulacaq.

Demokrat.az xəbər verir ki, “AzPolitika.info” korrupsiya mövzusunda Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovla söhbətləşib:

– Vahid müəllim, iki səhiyyə müəssisəsinin baş həkimlərinin və Şəmkir rayon İcra Hakimiyyətinin başçısının saxlanılmasından qısa müddət sonra Bakı Baş Gömrük İdarəsində də əməliyyat keçirildi. Bunu korrupsiyaya qarşı mübarizənin növbəti mərhələsi kimi qiymətləndirmək olarmı?

– Dövlət başçısı korrupsiya ilə bağlı sözünü deyib, mövqeyini ortaya qoyub. Açıq elan edib ki, korrupsiya bu millət və dövlət üçün bir yaradır, ondan xilas olmaq lazımdır. Bəzən bu sözlərə fikir vermirlər. Xüsusilə də icra başçıları, o cümlədən mərkəzi icra orqanları və s. Başqa sözlə, öz işlərindədirlər. Yeri gəlmişkən, onların əksəriyyətinin maaşları da artırıldı ki, bu qara işlərdən əl çəksinlər və korrupsiya ilə məşğul olmasınlar. Ancaq görünən budur ki, onlar öyrəşiblər və bu əməllərindən əl çəkmək istəmirlər. Lakin bu məsələ həllini tapmalı, kimliyindən asılı olmayaraq belə hərəkətlərə yol verənlər qanun qarşısında cavab verməlidirlər.

Məsələ çox ciddidir və məndəki məlumata görə, bu məsələdə dövlət başçısı heç kimə güzəştə getməyəcək. Bu vaxta qədər nə olub, nə olmayıb, bunların da haqq-hesabı çəkiləcək. Hazırda dövlət qulluğunda olan insanlar üçün bütün şərait yaradılıb ki, işləsinlər, əhaliyə xidmət göstərsinlər. Ancaq baxın görün nə qədər icra başçısı həbs etdilər. Bizə məlumatlar gəlir ki, rayonların əksəriyyətində korrupsiya və rüşvət halları mövcuddur, insanları incidirlər. Bələdiyyə sədrini, icra nümayəndəsini təyin edərkən rüşvət alırlar və s. Belə hallar var. Əlbəttə, bunlar birdən-birə olmasa da, tədricən aradan qalxacaq.

– Sizcə, gömrükdə həyata keçirilən həbslər nədən xəbər verir?

– Aldığım məlumata görə, orada birgə əməliyyat keçirilib. Həm Dövlət Gömrük Komitəsi, həm də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu prosesdə iştirak edib. Görünür, orada da insanlar çirkin əməllərə əl atıblar, rüşvət və korrupsiyaya bulaşıblar. Yəqin ki, Dövlət Gömrük Komitəsi də bununla əlaqədar ətraflı məlumat verər.

– Hazırda korrupsiyanın və rüşvətxorluğun qarşısını almaq üçün görülən tədbirləri necə qiymətləndirmək olar, nəticə baxımından aparılan işlər real vəziyyətə adekvatdırmı?

– Mən diqqət edirəm. Korrupsiayaya Qarşı Mübarizə İdarəsində ciddi işlər gedir. Kamran Əliyevin rəhbərliyi altında prokurorluq ciddi tədbirlər həyata keçirir. O cümlədən Əli Nağıyevin rəhbəliyi ilə Dövlət Təhlükəsizlik Xidməti bu işlərlə məşğuldur, korrupsiyanın qarşısını almaq, belə əməlləri ifşa etmək məqsədilə addımlar atılır. Əlbəttə, cinayət olan yerdə mütləq cəza da olmalıdır. Əgər cinayət etmisənsə, kimliyindən asılı olmayaraq cəzanı almalısan.


– Sizcə, məmurlar niyə dayanmır, nədən aparılan həbslərdən nəticə çıxarmırlar?– Mən sizə deyim. Onlar arxayındırlar ki, heç bir şey olmayacaq. Yəni etdiklərinə görə cəza almayacaqlarına əmindirlər. Ancaq elə deyil, səhv düşünürlər. Hamısı nəzarətdədir, hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, baxılır. Bizə də informasiyalar daxil olur. Şəxsən mən çox rayonlardan məlumat alıram. Çoxu bu tədbirlərdən nəticə çıxarmır. Düşünür ki, bir neçə icra başçısını tutdular və bununla da məsələ qapandı. Belə bir şey yoxdur. Bununla qurtarmaq lazımdır. Dövlət başçısı qərar veribsə, bu addımlar atılırsa, deməli hər şeyi hesablayıb, götür-qoy edib, sonda da qərar verib. Bu saat Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çox böyük işlər gedir.

– Vahid müəllim, əvvəllər iki problem qabarıq formada özünü göstərirdi və xüsusilə sahibkarlarda ciddi narazılıq yaradırdı. Söhbət vergi sistemində və gömrükdə olan özbaşınalıqlardan gedir. Son həbslər gömrükdə olan acınacaqlı durumun yaxşılaşdırılması baxımından nə dərəcədə effektiv ola bilər?

– Əvvəla, qeyd edim ki, vergi sistemində qayda-qanun yaradılıb. Əvvəllər mən vergi xidməti ilə bağlı kifayət qədər çox şikayətlər alırdım. Bunu da mətbuata açıqlayırdım. Sonradan Mikayıl Cabbarov bu quruma rəhbərliyə gətirildi və insaf naminə qeyd edək ki, bu sistemdə qayda-qanun yaratmağa nail oldu. İndi vergi sistemində şəffaflıq yaradılıb, sahibkarlar şəffaf şəkildə işləyirlər və hər hansı bir problem yoxdur.

Gömrük sistemində də müəyyən addımlar atılıb. Ancaq hadisələr götərir ki, daha çox işlər görülməlidir. Aldığım məlumata görə, Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyatda Dövlət Gömrük Komitəsi də iştirak edib. Biz başa düşməliyik ki, bu sistem Azərbaycana ziyan vurur. Həm Ümumi Daxili Məhsula zərər verir, həm də iqtisadiyyatı kölgə altında saxlayır. Odur ki, bu sistem tədricən aradan getməli və şəffaflıq təmin olunmalıdır. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək.


Həmçinin, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması üçün işlər görülməlidir. Sözsüz ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” mövcuddur. Əgər olmasaydı monopoliya da olmazdı. Hesab edirəm ki, monopoliya da var və biz onu da sona çatdırmalı, ləğv etməliyik. Eyni zamanda, Rəqabət Məcəlləsini qəbul etməliyik. Bu problemlər var və öz həllini də tapacaq. Görünür, bunun üçün müəyyən zamana da ehtiyac var.– Vahid müəllim, icra başçılarını, baş həkimləri, gömrük məmurlarını həbs edirlər, amma korrupsiya və rüşvət aradan qalxmır. Başqa hansı tədbirlər görülməlidir ki, sıravi vətəndaş effektiv nəticələri görə bilsin?

– Bütün bunları birdən-birə həll etmək asan məsələ deyil. Təbii ki, çoxları bunların bir gündə həll edilməsini istəyirlər. Başadüşüləndir. İşlər aparılır, amma zaman da lazımdır. Baxın, yeddidən çox icra hakimiyyəti başçısı saxlanılıb, lakin bəzi rayonlarda korrupsiya, rüşvət, neqativ fəaliyyət davam edir. Bu rayonların icra başçıları ilə bağlı cinayət işləri də var. Biz bu məsələdə nə qədər irəli getsək, bir o qədər yaxşı olar. “Kölgə iqtisadiyyatı”, monopoliya aradan qaldırılar. Problemlərin həlli üçün müəyyən qərarlar və qanunlar qəbul olunub və biz belə qanunları qəbul etməkdə davam edirik.

– Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev işdən çıxarıldı və onu Teymur Musayev əvəz etdi. Bu kadr dəyişikliyi səhiyyə sistemindəki problemlərin həllinə hansı təsirlər göstərə bilər?

– Oqtay Şirəliyev haqqında müəyyən sözlər deyirlər. Amma o da təcrübəli adam idi. Mənim onunla tanışlığım var idi, Quba və digər regionlarla bağlı görüşlərim olmuşdu. Teymur Musayev də təcrübəli kadrdır. Baş həkim kimi özünü yaxşı mənada göstərib, digər mühüm postlarda olub. Bu sahəni bilən müətəxəssisdir. Bu saat əsas kadrlar idarəetmə sistemini təkmilləşdirmək üçün irəli çəkilən mütəxəssislərdir. Diqqət edirsinizsə, İqtisadiyyat Nazirliyində, Vergi Xidmətində, Əmlak Komitəsində və digər sahələrdə irəli çəkilən mütəxəssislər korperativ idarəetməni bilirlər. Bunu biləndə idarə etmək də asan olur. Ümid edirəm ki, bütün bunlar korrupsiyanı aradan qaldırmağa, idarəetməni inkişaf etdirməyə kömək edəcək.

– Diqqət çəkən mühüm bir addım SOCAR-da Müşahidə Şurasının yaradılması oldu. Sizcə, bu şura hansısa müsbət nəticələrə nail olacaqmı?

– Əslində, yalnız SOCAR-da deyil, bir çox qurumlarda müşahidə şuraları yaradılıb. Bu da həmin şirkətlərdə olan bəzi problemləri həll etmək baxımından əhəmiyyətlidir. Müşahidə şuraları həm maliyyə nəzarəti mexanizmini həyata keçirəcək, həm kadr siyasətinə baxacaq, həm də digər məsələləri həll edəcək. Müşahidə Şurası iri dövlət qurumlarında ildə bir neçə dəfə toplaşaraq vəziyyətə nəzarəti həyata keçirəcək, müəyyən maliyyə, kadr təhlilləri aparacaq və qərarlar qəbul edəcək.

– Bu şuralar böyük dövlət şirkətlərində maliyyə yeyintilərinin qarşısını ala biləcəkmi?

– Əlbəttə, bunlar bir-birilə bağlı məsələlərdir. Əksər dövlət qurumlarında belə şuraların yaradılması alqışlanmalı addımdır. Ümid edirik ki, onların fəaliyyəti nəticəsində böyük irəliləyişlər, müsbət nəticələr əldə olunacaq.

Gununsesi.info