Enerji təhlükəsizliyi ilə iqlim siyasəti toqquşur:

  • Müəllif: Şəbnəm
  • 24 Sentyabr 2025 11:14

Enerji təhlükəsizliyi və iqlim siyasəti son vaxtlar dünyada ən aktual məsələlərdəndir. Xüsusi ilə Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada qaz və enerji mənbələrinə çıxış məsələləri, iqlim dəyişikliyi, ekstremal fenomemlər və enerji keçidini sürətləndirmə strategiyaları yenidən aktuallaşıb.

Bəs sözügedən prosesləri necə şərh etmək olar?

Müharibəyə qədər Avropa İttifaqı ölkələrinin ümumi qaz idxalının təxminən 40%-i Rusiyadan gəlirdi. Bu isə enerji asılılığı vasitəsilə Kremlə böyük siyasi təsir imkanı yaradırdı. Müharibədən sonra isə Avropa sürətlə diversifikasiya siyasətinə başladı.

Bu cür dəyişikliklər Avropanın strateji azadlığını gücləndirsə də, qısa müddətdə qiymətlərin artmasına və enerji bazarında gərginliyə səbəb oldu.

Belə demək olarsa, artıq enerji təminatı indi yalnız iqtisadi sabitlik deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Ancaq burada təzadlı məsələlər də var.

Məsələn, Avropa bir tərəfdən “yaşıl keçid” – karbon emissiyalarını azaltmaq, bərpa olunan enerjiyə sürətli keçid hədəflərini qarşısına qoyub.

Digər tərəfdən isə Rusiya qazının kəsilməsi fonunda bəzi ölkələr məcburi şəkildə kömür stansiyalarını yenidən işə salır, neft və qaz istifadəsini artırır.

Təbii səbəblər də var. Çünki son illərdə Avropada rekord istilər, quraqlıqlar və daşqınlar enerji sisteminə ikiqat zərbə vurur.

Avropa hazırda həm Rusiyadan enerji asılılığını azaltmağa, həm də iqlim dəyişikliklərinin yaratdığı yeni risklərə uyğunlaşmağa çalışır. Əgər bu proses uğurlu alınsa, Avropa enerji sistemində qazdan bərpa olunan mənbələrə real transformasiya baş verəcək.

Əks halda, region həm geosiyasi, həm də iqlim böhranlarının kəsişdiyi “enerji tələsi”ndə qalacaq.

Elmar

Gununsesi.info