Erməni Kardaş Onniq: “Ermənilər azərbaycanlıları necə öldürdükləri barədə fəxrlə danışırdılar” -FOTO/VİDEO

Kardaş Onniq – Livanda anadan olan və ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçıdır. O, bir vaxtlar nənəsini xilas edən türklərin şərəfinə 1982-ci ildə “Kardaş” (türkcə “qardaş”) adını götürüb.

2001-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “mədəniyyət nazirliyi”nin dəvəti ilə erməni diasporunun ilk rezident rəssamı kimi Şuşaya gəlib. Burada beş aydan bir qədər çox vaxt keçirib. Həmyerlilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı amansız hekayətlərindən o qədər sarsılıb ki, şəhəri mühafizəçinin müşayiəti ilə gəzməli olub

ABŞ-a qayıtdıqdan sonra o, Şuşada gördüklərindən bəhs edən “Vəhşi füsunkar: Axmağın Qafqaz salnaməsi” (“Savage Chic: A fool’s chronicle of the Caucasus”) kitabını yazıb. Bundan sonra bəzi ermənilər, o cümlədən ailəsi, onu satqın, bəziləri isə ən vicdanlı erməni yazıçısı adlandırırlar.

K.Onniq Media.Az-a müsahibəsində Şuşa səfərinin təfərrüatından, 44 günlük Vətən müharibəsinin başlamasına münasibətindən, Azərbaycan və erməni xalqları arasında sülhlə bağlı ümidlərindən danışıb.

– 2001-ci ildə Şuşa necə idi?

– Şəhər, demək olar ki, tamamilə dağıdılmışdı. Əsas küçədə Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra varlı amerikalılar tərəfindən tikilən cəmi üç bərbad ev var idi. Bu evlər “köhnə” Şuşanın memarlığına qətiyyən uyğun gəlmirdi. Onlardan birini “mədəniyyət naziri” (separatçı rejimin – müəllif) mənə verdi. Mən orada yaşadım və emalatxana yaratdım. Yeniyetmələrə gəlincik düzəltməyi öyrətmək istəyirdim. Bu məqsədlə hasarımın üzərinə elan asdım. Elan bu sənətə yiyələnmək istəyənlərin axtarışı ilə bağlı idi. Nəticədə cəmi yeddi-səkkiz tələbə topladım.

…Şuşada bir çox evlər talan edilmiş və yandırılmışdı. Azərbaycanlıların tikdikləri evlərdən yalnız biri tam dəyilməz olaraq qalmışdı. Orada erməni iş adamı yaşayırdı.

– Niyə məhz o evə dəyməmişdilər?

– Bu sualı mən də özümə verdim. İş adamı danışırdı ki, o, uzaq keçmişdə Qazaxıstanda sovet ordusunda xidmət edib. Bütün müharibə dövrü azərbaycanlı dostu ilə çiyin-çiyinə keçib. Onlar xidmətdən qayıdanda azərbaycanlı dostu Şuşada özünə bu evi tikdirib. İş adamı isə Ağdam yaxınlığındakı kəndə gedib. Eyni zamanda onlar bir-birlərini ziyarət ediblər. Birinci Qarabağ müharibəsi başlayanda iş adamı bilirdi ki, ermənilər Azərbaycan şəhərlərini yerlə-yeksan edirlər. Ona görə də Şuşaya gəlib və qaçqın düşmüş köhnə dostunun evini sözün əsl mənasında müdafiə edib. Müharibə bitdikdən sonra iş adamı orada məskunlaşıb.

Şuşada olduğum müddətdə iş adamı azərbaycanlı ilə dostluğundan nigaranlıqla danışırdı, onu yenidən görmək, qucaqlamaq istədiyini iddia edirdi… Mən onlarla belə əhvalat eşitmişəm. Bəzi ermənilər azərbaycanlı dostları üçün darıxırdılar. Axı nə vaxtsa onlar qonşuluqda yaşayıblar, eyni masa ətrafına toplaşıblar…

– O zamanlar Şuşada nə qədər adam yaşayırdı?

– Əgər əvvəllər şəhərin əhalisi 17 min nəfərə çatırdısa, 2001-ci ildə orada ən çoxu 1000 nəfər var idi. Və onların hamısı yoxsulluq içində yaşayırdı. Hətta sağ qalmaq üçün çalışdıqlarını söyləmək daha düzgün olardı. Axı ora, demək olar ki, sərmayə qoyulmayıb, bu ərazinin bütün dünya ilə əlaqəsi kəsilib.

…Bir dəfə tələbəm kilsənin həyətində gəlincik düzəltməklə məşğul idi. Oraya ABŞ-dan olan turistlərlə dolu avtobus gəldi. Uşağın xaraba şəhərin küçəsində yaradıcılıqla məşğul olmasına təəccübləndilər və bunu hansı məqsədlə etdiyini soruşdular. Uşaq cavab verdi ki, guya onları satış üçün düzəldir. Mən isə əlavə etdim ki, belə bir məhsulun qiyməti 35 dollardır (59,50 manat – müəllif). Amerikalılar gəlinciyi aldılar. Uşaq xoşbəxtlikdən göyün yeddinci qatında idi, çünki müəllim olan atası ayda 30 dollar (51 manat – müəllif) qazanırdı. Uşaq dedi ki, bundan sonra tez-tez bu həyətdə oturub gəlinciklər düzəldəcək və əcnəbilərin yenidən gələcəyinə ümid edəcək.

– Şuşada mühafizəçi ilə gəzdiyinizi dediniz. Buna səbəb nə idi?

– Təsəvvür edin, Şuşa – mədəniyyət mərkəzidir, orada inanılmaz gözəllikdə saraylar, məscidlər, heykəllər vardı… təkcə Bülbül abidəsi nəyə desən dəyər… Ermənilər isə bütün bunları xarabalığa çeviriblər. Azərbaycan əhalisi qovulmuşdu, küçələr “ölü” idi… Şuşada adamlarla rastlaşanda anlayırdım ki, onların hər biri bu dəhşətli cinayətin iştirakçısıdır. Onlar özləri də nə qədər azərbaycanlını və necə öldürdükləri barədə fəxrlə danışırdılar. Qulaq asmaq mümkün deyildi, ona görə də başa salmağa çalışdım ki, mənim yanımda belə şeylər haqda danışmaq olmaz.

Üstəlik, yerli sakinlər bəzi qətlləri öz adlarına çıxırdılar ki, reallıqda belə bir şey baş verməmişdi. Dünyanın hər yerindən erməni diasporlarının üzvləri və Ermənistandan turistlər gələndə bir azərbaycanlını qətlə yetirən adam 10 azərbaycanlını necə öldürdüyü ilə bağlı cəfəngiyyat uydururdu. Ermənilər oraya bu cür əhvalatlar xatirinə gəlirdilər, öz soydaşlarının “hünər”ləri barədə eşitmək üçün alışıb-yanırdılar.

Necə düşünürsünüz, insanların, özü də uşaqların yanında ağır cinayətlərdən heç nə olmamış kimi danışılan ortamda olmaq, sizcə, nə dərəcədə təhlükəsizdir?! Ona görə də mənə mühafizəçi təyin etdilər, o həm də mənim sürücüm idi. Onun da əlləri dirsəklərinə qədər qanın içində idi… O, mənimlə azərbaycanlı qonşuları haqda, onlarla uşaqlıqda bir həyətdə necə oynadıqları barədə hekayələrini bölüşürdü… Bəzi ermənilər başa düşürdülər ki, Şuşada yaşamaq hətta onlar üçün belə, təhlükəlidir. Orada olduğum əvvəl vaxtlar hasarımı və pəncərələri açıq saxlayırdım. Ancaq sonra mənə hər yeri bağlamağı tövsiyə etdilər, çünki yerli sakinlər asanlıqla evə girə bilərdilər…

– Onlarda bu qədər nifrət haradandır?

– Ermənilərə kiçik yaşlarından qarşılaşdıqları hər türkü öldürməyi təlqin edirdilər, azərbaycanlıları isə barbar kimi təqdim edirdilər. Bütün bunlar erməni uşaqlara öyrədilirdi.

– Sizə də bunu təlqin edirdilər?

– Uşaq vaxtı mən də türklərə nifrət edirdim. Bu məni daxildən məhv edirdi, sonra həyatımın bütün sahələrinə təsir etməyə başladı. Ancaq sonra başa düşdüm ki, insanlara əsəbiləşə bilərəm, onlarla danışmaya bilərəm, amma nifrət edə bilmərəm… Tələbələrimlə Şuşanı gəzir, onlara Azərbaycan xalqının zəngin mənəvi irsini göstərib soruşurdum: “Belə mədəniyyətə malik olan insanlara barbar demək olarmı?”

Biz məscidlərə, evlərə daxil olurduq, çünki onların hər birinin divarları, döşəmələri naxışla işlənilmişdi. Mən heyrət içində idim. Bu, inanılmazdır… Başa düşürsünüz, Şuşanın hər guşəsi mədəni sərvətdir. Yeri gəlmişkən, sizə bir şey göstərməliyəm (nəsə çıxarır – red). Bu, Şuşadakı məscidlərdən birində idi. ABŞ-a gedəndə bu hissəni özümlə apardım. O, bütün bu illər mənimlə olub. Şuşada mən hər zaman çalışmışam ki, dağıdılmış binaların hissələrini birbaşa yerdən yığaraq onları xilas edim və gələcəkdə onlar haqqında danışım… Bu, mənəvi cəhətdən çətin idi.

– Siz onları niyə evdə saxlayırsınız?

– Başqa mədəniyyətlərə hörmət etmək çox vacibdir. Ermənilər Azərbaycan məscidinə düşmən ərazisi kimi baxdılar, orada gözəllik mücəssəməsini görə bilmədilər. Mənim kitabım bu haqdadır. Orada mən sual verirəm: “Sən ora gedib başqa xalqın müqəddəs yerlərini dağıtmağa necə cürət edirsən?” Bütün bunlardan sonra biz nə qədər də xəstə görünürük.

– Qarabağda getdiyiniz yeganə şəhər Şuşa olub?

– Xeyr, mən bir neçə şəhərdə, məsələn, Ağdamda olmuşam. Yadımdadır, minarənin başında dayanmışdım, oradan bütün Ağdamın mənzərəsi açılırdı. Və bu şəhər tamamilə boş idi, yerlə-yeksan olmuşdu… “Aman Allah, bir gecənin içində yerli sakinlər doğma yurd-yuvalarını tərk etməli olublar” deyə düşündüm və dizlərim üstə çöküb ağladım. Niyə insanlar bir-birinə bunları edirlər? Bu mənzərə məndə elə güclü emosiyalar oyatdı ki, atamın hekayəsini xatırladım. Dörd yaşında onu ailəsi ilə birlikdə evindən Suriya səhrasına qovdular və o orada iki yaşlı bacısını basdırmalı oldu. İndi xalqlarımız arasındakı münaqişəni unutmaq çox çətindir. O qədər çətindir ki… Amma ümidimi itirmirəm, çünki bir vaxtlar Azərbaycana, daha dəqiqini desəm, Şuşaya səfər etmək mənim arzum idi. Və bu arzu gerçəkləşdi.

– Niyə siz cəmi beş aydan sonra Şuşanı tərk etdiniz?

– Şəhərdə hökm sürən zorakılıq və dəhşət atmosferi məni sıxırdı. Mən daha orada qala bilməzdim. Son damla restoranda baş verən hadisə oldu. Yadımdadır, o gecə yüksək vəzifə sahiblərini, müxtəlif hörmətli qonaqları dəvət etmişdilər. Binaya “prezident” Arkadi Qukasyan (1997-2007-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin rəhbəri – red.) və Şarl Aznavur (erməni əsilli fransalı müğənni, şair, yazıçı və aktyor – red.) daxil oldular. Bir müddət sonra Qukasyanın köhnə dostu (ehtimal ki, o, sərxoş idi) onlara yaxınlaşdı və görünür, onun ünvanına alçaldıcı sözlər dedi. Bundan sonra Arkadi Qukasyan mühafizəçiləri ilə birlikdə oranı tərk etdi. Lakin çox keçmədən cangüdənlər geri qayıdıb, həmən şəxsi tualetə apararaq tapançaları ilə onun başını dağıtdılar. Restoranda caz musiqisi səslənməyə davam edirdi və yüzdən çox ziyarətçi yerindən tərpənməyə belə cəsarət etmirdi… Bu, ağla sığmayan bir hadisə idi. Artıq bu zaman mən tam olaraq anladım ki, həyatım təhlükədədir və ertəsi gün oranı tərk etdim.

– Qayıdandan sonra isə orada gördüyünüz cinayətlərə susmamağa üstünlük verdiniz…

– Bəli… Mən “Savage Chic: A fool’s chronicle of the Caucasus” kitabını yazdım, qarşıma onu Ermənistanda və Rusiyada populyarlaşdırmaq məqsədini qoydum. Lakin çap edildikdən 20 il sonra Ermənistanda Amerika Universitetinin tələbəsi onu erməni dilinə tərcümə edərək İrəvanda çap etdirdi. Kitaba xüsusilə ölkənin şərq bölgələrində çox rast gəlinir.

Mən vicdanıma uyğun yaşamağa çalışdığım üçün bu işlə məşğulam, bu, həqiqətdir. Ermənilər azərbaycanlılar haqqında nəsə deyəndə cavab verirəm: “Siz bilirsinizmi bizim soydaşlarımız Qarabağda nə ediblər? Bunu yaddaşdan silmək mümkün deyil”. Eyni zamanda heç birinin tərəfini tutmuram, çünki hər birini başa düşə bilirəm.

Bu müsahibə insanlarda neqativ emosiyalara səbəb olsa, üzülərəm (gözləri yaşarır). Mən artıq ağlayıram… Ermənilər üçün daha böyük düşmən, azərbaycanlılar üçün superqəhrəman olmaq istəmirəm. Bu mənim məqsədim deyil. Onsuz da hər gün doğma qardaşımın, ailəmin məni satqın hesab etdikləri üçün danışdırmadıqları fikri ilə yuxuya gedirəm.

Mən bir güllə atmadan azərbaycanlılarla erməniləri birləşdirəcək inqilabçı olmaq istəyirəm. İnsanlar mənə kömək edə bilərlər, yaradıcı insanlar artıq bunu edirlər. Mən həm ermənilərlə, həm də azərbaycanlılarla əlaqə qurmağa çalışıram, çünki insanları milliyyətinə görə ayırmıram. Ürəyim hamıya açıqdır, amma bu o demək deyil ki, hamını sevirəm (gülür).

– Bu cür açıqlamalardan sonra Ermənistana qayıda biləcəksiniz?

– Mən ümumilikdə 22 ildir ki, Ermənistanda olmamışam. Kitabımda Şuşadakı restoranda baş verən cinayətdən yazmışam. Paşinyan hakimiyyətə gəldikdən sonra ona Ermənistanda həmin gecə Qukasyanın mühafizəçiləri tərəfindən öldürülən şəxsə həsr olunmuş abidənin yaradılması təklifini göndərdim. Sonra Ermənistanın ABŞ-dakı səfirliyində bildim ki, Ermənistana girişimə qadağa qoyulub.

– Bəs Azərbaycana səfər etmək istərdinizmi?

– Həyat yoldaşım dedi ki, Azərbaycana rəsmi dəvət edilsəm belə, heç vaxt buraxmaz – qorxur. Bəlkə, özümlə biri erməni, digəri azərbaycanlı iki mühafizəçi götürsəm, Azərbaycana uçaram (gülür).

– 2020-ci ildə Qarabağda müharibənin başlayacağını biləndə hansı hissləri keçirdiniz?

– O vaxt gecələr tək təsəvvürümə gətirdiyim o idi ki, azərbaycanlılar qayıdıb dağılmış evlərini görəcəklər. Düşündükcə ürəyim parçalanırdı. Mən indi Qarabağda baş verənləri izləmirəm. Amma ümid edirəm ki, ruslar (Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti, qısaca RSK – müəl.) özlərinə verilən tapşırıqları qanuni şəkildə yerinə yetirirlər.

Yeri gəlmişkən, müharibə başlayanda mən və komandam İrəvanda erməni dilində ingilis və rus dillərinə tərcümə edilmiş “Where do we go from here” (“Biz buradan hara gedirik”) adlı kitabça nəşr etdirdik. Orada 2020-ci ildə Şuşa şəhərindən İrəvana (Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad edildikdən sonra – müəl.) köçmüş, artıq yetkinlik yaşına çatmış tələbəmlə müsahibə var. Orada gənc mənə 2001-ci ildə ona və digər uşaqlara hansı fikirləri aşıladığımı deyir. Məsələn, mən dəfələrlə demişəm ki, ilk növbədə insan olmaq lazımdır və yalnız bundan sonra öz mədəniyyəti, adət-ənənələri olan bir xalqı təmsil etmək olar.

Düşündük ki, bu sözlər Rusiya sülhməramlıları üçün yaxşı siqnaldır və kitabçanı onların arasında paylamaq qərarına gəldik. Kitabımı tərcümə edən tələbə və başqa bir erməni bu missiyaya cavabdeh idilər (gördüyünüz kimi, heç də bütün ermənilər azərbaycanlılara qarşı nifrətlə dolu deyillər). Bu məqsədlə Qarabağa, RSK-nın nəzarətində olan ərazilərə getdilər. Bir dəfə sərhəddə üç azərbaycanlı gənci gördülər və onlara bukletlər verdilər. Onlar kiçik dialoqa başladılar. Bunu biləndə şoka düşdüm, çünki mənim işim erməniləri və azərbaycanlıları birləşdirmişdi.

– Azərbaycanlılar və ermənilərin Qarabağda dinc yaşaya biləcəklərinə inanırsınız?..

– Yenidən birlikdə yaşayacaqlar, amma səbəb olduqları ağrıların acı və kədərilə. Başqa variant yoxdur. Burada ABŞ-da azərbaycanlılarla ermənilər ünsiyyət qururlar, niyə Qarabağda bunu edə bilməsinlər?! Əsas istək və dəyişməyə başlamaqdır. Məsələn, mən dəyişikliyi bərk arzulayıram, daha düşmənçiliyin olmayacağı Xankəndidən Şuşaya maşınla gedə biləcəyim günü səbirsizliklə gözləyirəm.

Şuşadan olan tələbə ilə müsahibə çərçivəsində ondan azərbaycanlılarla yaşaya bilib-bilməcəyini soruşduq. Cavab verdi: “İndi çox çətin olacaq”. Amma onun səsindən belə anlaşılırdı ki, o, hadisələrin belə inkişafına inanır. Axı tarixdə eyni millətdən, eyni dindən olan insanların bir-birini öldürməsi və ya başqa xalqları məhv etməsi nümunələri çoxdur. Halbuki indi onlar dünyada heç nə olmamış kimi yaşayırlar, çünki o faciələr keçmişdə qalıb və indiki zamanda təhlükəsiz yaşamaq üçün hər şeyi etmək lazımdır.

– Dediyiniz dəyişikliklər nədən başlaya bilər?

– Ən azı, Rusiyanın iştirakı ilə dünya səviyyəsində deyil, vətəndaşlar arasında dialoqa başlamaq lazımdır. Məsələn, bir erməni əsgəri sərhəddə xidmət edir və görür ki, o biri tərəfdən bir azərbaycanlı keçir. Qoy bir-birləri ilə salamlaşsınlar.

İnsanlar başa düşməlidirlər ki, keçmişdə hər iki tərəfdən öldürülən insanların sayından daha vacib problemlər var və o zaman dəyişikliklər baş verməyə başlayacaq…

– Nə barədə danışırsınız?

– Bütün dünyada qətllərin, intiharların sayı artır, müxtəlif ölkələrdə anlaşılmaz hadisələr baş verir və bütün bunlar insanların əməlidir. Biz hər gün ağlamalıyıq, çünki insan irqini məhv edirik. Artıq planeti xilas etməyin yeni səviyyəsinə çatmaq barədə qlobal miqyasda düşünməyə dəyər. Əks halda, heç birimizin hazır olmadığı dəyişikliklər olacaq və bu, mənim nəvələrimə ötürmək istədiyim miras deyil.

Mən uşaqlar və onların gələcəyi üçün çox narahatam, onları çox sevirəm. Hətta bir neçə uşaq kitabı da yazmışam. Hazırda dünyanın hər yerindən səkkiz yaşınadək oğlan və qızların rəsmləri əsasında oyuncaqlar yaratmaqla məşğulam. Onlardan fantaziyalarını işə salmalarını və mövcud olmayan personajları çəkmələrini xahiş edirəm, mən isə onları hazırlayıram. Azərbaycanlı uşaqlar mənə öz çəkdiklərini göndərsələr, sevinərəm və oyuncaqları təmənnasız düzəldib göndərərəm.

Gununsesi.info